Azərbaycan Premyer Liqasında fasilənin müddəti uzadılıb

Azərbaycan Premyer Liqasında fasilənin müddəti uzadılıb
  18 Mart 2020    Oxunub:1719
Azərbaycan Premyer Liqası və I divizionunda yaranan fasilənin müddəti uzadılıb.
Azvision.az -ın məlumatına görə, bu barədə qərarı Peşəkar Futbol Liqası verib. Bu addım dünyada geniş yayılmış koronavirus pandemiyasına səbəbindən atılıb. İnfeksiyanın Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən geniştərkibli işlər görülür. Bu qəbildən olan addımlardan biri 14 mart – 14 aprel tarixlərində ölkə ərazisində tətbiq edilən xüsusi rejimdir. Bununla əlaqədar olaraq, Azərbaycanda kütləvi idman tədbirlərinin keçirilməsinə də qadağa qoyulub.

Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın göstərişini rəhbər tutan PFL öncə 2 turu təxirə salınan Premyer Liqa və 1 turu oynanılmaması qərarlaşdırılan I divizionun bərpasını aprelin 14-dək uzadıb. Bu isə o deməkdir ki, Azərbaycan çempionatının 4, I divizionunun 3 turu nəzərdə tutulan vaxtda olmayacaq.

Əgər həmin tarixdə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılsa, PFL klubların baş məşqçiləri ilə görüş keçirib ümumi vəziyyəti müzakirə edəcək və yarışların bərpa tarixini açıqlayacaq.

UEFA bir gün öncə keçirdiyi videokonfransdan sonra vəziyyətə uyğun olaraq yerli liqaların iyunun 30-na qədər yekunlaşdırılmasını tövsiyə edib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında növbəti tur aprelin 4-5-də keçirilməli idi.

Azvision.az



Teqlər: Futbol  





Xəbər lenti