Ramiz Mehdiyev NDİ-dən danışdı
“İlham Əliyev yeni əsrin yeni lideridir. Onun yeni əsrdə Azərbaycanın Prezidenti olmasının özündə rəmzi məna vardır. O, postsovet məkanında tamamilə yeni tipli siyasi liderin nümunəsinə çevrilmişdir. Hesab edirəm ki, cənab İlham Əliyevi səciyyələndirən başlıca xüsusiyyəti onun hədsiz səmimiliyidir. Həm milli mədəniyyətimizin, həm xalqımızın əxlaqi-mənəvi dəyərlərinin təbliğində, həm də ölkəmizin dolğun müsbət imicinin formalaşmasında ailəsinin hər bir üzvü onunla həmrəydir, həmfikirdir.
Əlavə olaraq qeyd edim ki, cənab Prezidentin tənqid və iradları artıq öz müsbət nəticəsini vermişdir. Bəzi rayonlarda sahibkarla icra hakimiyyətləri arasında yaranmış mübahisəli məsələlər həllini tapıb.
Bir məsələni də xüsusi qeyd etmək istərdim. Cənab Prezident çox haqlı olaraq məmurların təvazökarlığı məsələsini qaldırdı və öz iradlarını bildirdi. Dövlət qulluğu imtiyaz deyil, vətəndaş, cəmiyyət, xalq qarşısında vəzifədir. Bu vəzifəni icra edənlər özlərini vətəndaşlardan fərqləndirməməlidirlər, onlara yuxarıdan aşağı baxmamalıdırlar, təvazökar, insanlarla ünsiyyətdə səmimi, mədəni olmalıdırlar. Hər bir vəzifəli şəxsin davranışı vətəndaşda hakimiyyət, idarəçilik haqqında təsəvvür formalaşdırır.
Cəmiyyətdə davranış qaydaları, dövlət qulluqçularının etik standartları mövcuddur. Ona görə də vəzifəli şəxslər, ilk növbədə, bu qaydalara əməl etməli, bütün cəmiyyət üçün nümunə olmalıdırlar. Dövlət başçısı bu məsələlərlə bağlı qəti tələblərini ortaya qoymuş və son xəbərdarlığını etmişdir. Cənab Prezidentin xəbərdarlığını qısaca belə ifadə etmək olar ki, əgər hər hansı vəzifəli şəxs öz fəaliyyəti sahəsində insanlarla qarşılıqlı əlaqələr qura bilmirsə, onların ehtiyaclarına biganə yanaşırsa və rəğbətini qazanmırsa, həmin şəxslə bağlı ciddi ölçülər götürüləcəkdir. Konfransdan qısa müddət sonra bir neçə rayonda həyata keçirilən kadr dəyişiklikləri bunun bariz nümunəsidir. Bu tədbirlər yalnız yerli icra hakimiyyəti orqanları ilə məhdudlaşmayacaq.
Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Beynəlxalq təcrübə göstərir ki, əsasən müxalif qüvvələr növbəti seçkiyə hazırlığı ötən seçkilərdən dərhal sonra başlayırlar, vətəndaşlarla, müxtəlif sosial təbəqələrlə təmas qurmaq üçün cəhdlər göstərirlər, niyyətlərini, hərəkət planlarını müzakirəyə çıxarırlar, öz elektoratını toplamağa və tərəfdarlarını səfərbər etməyə çalışırlar. Təbii ki, Azərbaycanda fəaliyyəti mövsümi xarakter daşıyan, heç bir sosial bazası olmayan siyasi qrupların cəmiyyətə deməyə sözü yoxdur. İqtidarın uğurları onları çox məyus edir, hakimiyyət ehtiraslarının qarşısına keçilməz sədd çəkir. Buna görə də onlar faktiki olaraq hakimiyyətə qarşı deyil, dövlətə, xalqa qarşı müxalifətçilik yolunu tutmuşlar. İsmayıllı rayonunda baş vermiş məişət xarakterli hadisə bir daha təsdiq etdi ki, Azərbaycanda bəzi siyasi qruplar mahiyyət etibarilə dağıdıcılıq fəaliyyəti göstərir, insanlar arasında süni narazılıq yaratmağa, ictimai-siyasi sabitliyi pozmağa, dövlət məmurlarına şər atmağa, onları şantaj etməyə və hörmətdən salmağa, hakimiyyət strukturları və vəzifəli şəxslər arasında qarşıdurmalar yaratmağa, rəsmi orqanların fəaliyyətinə qara yaxmağa cəhdlər göstərirlər. Üstəlik, onlar öz dağıdıcı fəaliyyətini demokratiya şüarları ilə pərdələməyə çalışırlar.
Son 20 ildən artıq bir dövrdə dağıdıcı müxalifətin siyasi hakimiyyət uğrunda “mübarizəsi” imitasiya xarakteri daşımış və əslində, özünüifşanın bariz nümunəsinə çevrilmişdir. Məhz ona görədir ki, radikal, siyasiləşmiş dindar qruplara üz tutmuş və onları özlərinə tərəfdaş seçmişlər. Qeyd etməyi vacib bilirəm ki, cəmiyyət, Azərbaycan ictimaiyyəti əsassız şəkildə onun adından çıxış etməyə çalışan müxalif qrupların, özlərini “ziyalı” adlandıranların Əkrəm Əylislinin mənfur “Daş yuxular” əsəri ilə bağlı xəyanətə bərabər mövqeyini gördü və bir daha bunların hansı məzhəbə qulluq etdiklərinə əmin oldu. Hakimiyyətə iddialı olan, özünü iqtidara opponent hesab edən dağıdıcı müxalifət, yüksək ziyalı adından sui-istifadə edənlər ümummilli məsələlərdə də xalqın tərəfində yox, onun iradəsinə zidd mövqedə durdular və əsl simalarını açıq nümayiş etdirdilər. Çox təəssüf ki, cəmiyyətimizdə belələrinə hələ ki, yer tapılır. Ancaq ictimaiyyətimiz, vətəndaşlarımız, əsl ziyalılarımız, gənclərimiz həm Əkrəm Əylisli kimilərinin, həm də onun havadarlarının əməllərini görür və öz qəti mövqelərini ortaya qoyurlar.
Təəssüf ki, bu qruplar həm də gəncləri çaşdırmağa, onlardan vasitə kimi istifadə etməyə çalışırlar. Bununla bağlı bildirmək istərdim ki, Facebook sosial şəbəkəsində ölkə həyatında baş vermiş ayrı-ayrı hadisələrə dair təxribat xarakterli çağırış edənlərin mövqeyi ictimai rəyi əks etdirmir. Ayrı-ayrı gənclərin emosiyalarının məhsulu olan, əsasən satqın-radikal müxalifət tərəfindən dəstəklənən və qızışdırılan sosial şəbəkələrdəki bu çağırışlar qanunla qorunan ictimai asayişi pozmaq üçün bəhanə ola bilməz. Lakin planlaşdırılan cinayətin üstünün bu günlərdə Milli Təhlükəsizlik Nazirliyi və Respublika Baş Prokurorluğu tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində açılması əyani şəkildə göstərdi ki, ictimai sabitliyi pozmaq istəyən qruplar sadəcə çağırışlar etmirlər. Bu, kifayət qədər narahatedici məsələdir. Çünki “Molotov kokteyli”, narkotik vasitələr, külli miqdarda pul vəsaiti bu niyyətin kifayət qədər ciddi olduğunu açıq-aydın göstərir. Əlbəttə, hüquq mühafizə orqanlarının fəaliyyətinə, istintaqa təsir edə biləcək hər hansı şərh vermək düzgün olmazdı. Lakin hadisədən məlumatı olan hər bir şəxsi heç bir yerdə işləməyən gənclərdə bu qədər narkotik vasitənin, pulun haradan olduğu maraqlandırır. Yəqin ki, istintaq bu məsələlərə aydınlıq gətirəcək.
Bu xüsusda xatırlatmaq istərdim ki, 2011-ci ildə əsasən gənclərdən ibarət kütlələr sosial narazılıq zəminində Böyük Britaniyada iğtişaşlar törətdilər. Hakimiyyət, hüquq mühafizə orqanları repressiv metodlardan istifadə etməklə 2000-ə yaxın adamı saxladı, iğtişaşların təşkilatçıları olan gənclər məhkum olundu, internetə çıxış, Facebook, Twitter kimi sosial şəbəkələrə giriş məhdudlaşdırıldı. Əlbəttə, burada Azərbaycanla hər hansı paralel aparmaq düzgün olmazdı, çünki ölkəmizdə belə hallar üçün heç bir zəmin yoxdur. Ancaq hesab edirəm ki, ölkəmizlə bağlı davamlı şəkildə əsassız və qərəzli iddialar irəli sürən bəzi maraqlı xarici dairələr, təşkilatlar dünyada və Azərbaycanda baş verən hadisələrə adekvat, obyektiv yanaşmalı, ikili standartdan əl çəkməlidirlər.
Beynəlxalq QHT-lərin Azərbaycandakı fəaliyyəti ilə bağlı bir fakta münasibət bildirmək istərdim. Bu günlərdə yerli mətbuatda ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevsin ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş fəaliyyəti haqqında məlumat yayıldı. Əgər orada göstərilən faktlar təsdiq olunsa, biz bu qurumla əməkdaşlığımızı dayandırmalı olacağıq. Üstəlik, MDİ-nin nümayəndəsi martın 10-da “Fəvvarələr” meydanında keçirilməsinə cəhd olunmuş qeyri-qanuni aksiyada iştirakını etiraf etmişdir. Görünür ki, MDİ-nin Bakı nümayəndəliyi və onun əməkdaşları haqqında yayılan məlumatlar ciddi yoxlanılmalıdır”.