“Koronavirus xəstələri hazırda ən həssas təbəqədir” - Prezident

 “Koronavirus xəstələri hazırda ən həssas təbəqədir” -    Prezident
  29 Mart 2020    Oxunub:3416
Koronavirus xəstələri hazırda ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında deyib.

Dövlət başçısı bildirib ki, bu gün ölkəmizin ən böyük xəstəxanalarından biri olan yeni xəstəxana fəaliyyətə başlayır: "Bu, çox əlamətdar hadisədir. Xəstəxana bütün müasir standartlara cavab verir. Xəstəxananın binasının həm xarici görünüşü çox gözəldir, həm də memarlıq baxımından şəhərimizin simasına əlavə yaraşıq verir. Ən önəmlisi odur ki, bu xəstəxanada ən müasir standartlar tətbiq olunur, ən müasir avadanlıq alınıbdır, təchizatla bağlı bütün işlər ən yüksək səviyyədə görülübdür. Hesab edirəm ki, bu gün bu xəstəxana Azərbaycanda təchizat baxımından, avadanlıq baxımından və burada göstəriləcək xidmət baxımından aparıcı xəstəxanadır.

Bildiyiniz kimi, bu xəstəxana mənim təşəbbüsümlə inşa edilibdir. Yadımdadır, bu qərar qəbul olunanda bəziləri hesab edirdi ki, buna ehtiyac yoxdur. Çünki son illər ərzində ölkəmizdə bir çox xəstəxanalar inşa edildi və yeni böyük xəstəxananın inşası hesab olunurdu ki, lazımsızdır. Ancaq həyat onu göstərdi ki, bu, çox düzgün və vaxtında verilmiş qərar idi. Çünki sabahdan etibarən bu xəstəxanada koronavirus xəstələri müalicə olunacaqlar. Pandemiya başa çatana qədər bu xəstəxanada yalnız koronavirus xəstələri müalicə alacaqlar. Ona görə bu xəstəxananın işə düşməsi əlbəttə ki, koronavirusa qarşı mübarizədə bizə əlavə imkanlar yaradacaqdır.

Onu da bildirməliyəm ki, xəstəxananın açılışı yayın sonunda, payız aylarının əvvəlində nəzərdə tutulurdu. Ancaq pandemiyaya görə işlər sürətləndirildi, əlavə vəsait ayrıldı, qüvvələr səfərbər olundu və biz xəstəxananın mərhələli yollarla fəaliyyətə başlamasını təmin edirik. Xəstəxanada 575 çarpayı nəzərdə tutulur. Ancaq birinci mərhələdə 100, ondan sonra 300 çarpayı artıq xəstələrin sərəncamına veriləcəkdir. Xəstəxananın ümumi sahəsi 100 min kvadratmetrə yaxındır. Burada 70 reanimasiya yeri vardır. Bu da koronavirus xəstələrinə göstəriləcək xidmətin önəmli hissəsini təşkil edir. 21 əməliyyatxana mövcuddur. Hazırda bu əməliyyatxanalara ehtiyac yoxdur. Ancaq pandemiya başa çatandan sonra bu xəstəxana öz profili üzrə fəaliyyətini davam etdirəcək".

Prezident qeyd edib ki, Koronavirus xəstələrinin buraya yerləşdirilməsi ən düzgün qərardır: "Çünki hazırda bu insanlar ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir. Çünki siz həkimlər yaxşı bilirsiniz ki, hazırda hətta ən inkişaf etmiş ölkələr bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır və inkişaf etmiş ölkələrdə gündə minə yaxın insan vəfat edir. Əgər tibb sahəsi çox inkişaf etmiş ölkələrdə bu xəstəliklə bağlı belə böyük problemlər varsa, təsəvvür etmək çətin deyil ki, bizim üçün nə qədər böyük problem yarana bilər. Ona görə koronavirus xəstələrinə ən yüksək xidmətin göstərilməsi üçün ölkəmizin ən müasir, ən gözəl xəstəxanası mənim qərarımla onların ixtiyarına verilir və siz həkimlər burada onlara xidmət göstərəcəksiniz".

Dövlət başçısı, həmçinin vurğulayıb ki, bu gün biz koronavirus xəstələrini bir neçə xəstəxanada yerləşdiririk, o cümlədən Bakı şəhərində və bölgələrdə: "Əgər bizdə bu infrastruktur olmasaydı, bu xəstəliyə qarşı necə mübarizə apara bilərdik?! Eyni zamanda, onu da bildirməliyəm ki, son illərdə həkimlərin peşəkarlığı böyük dərəcədə artıb. İndi təsəvvür etmək olmur ki, 10-15 il bundan əvvəl Azərbaycanda çox çətin əməliyyatların həyata keçirilməsi mümkünsüz idi. Bu gün isə bizim həkimlərimiz ən çətin əməliyyatları aparırlar, insanları həyata qaytarırlar, neçə ildir ki, açıq ürək, orqanların transplantasiyası əməliyyatları keçirilir. Yəni, bütün bunları bir neçə il bundan əvvəl təsəvvür etmək belə mümkün deyildi. Ona görə həkimlərin təlimi, onların peşəkarlığının artırılması sahəsində də böyük işlər görüldü. Bizim tələbələrimiz xarici ali tibb məktəblərinə ezam edildilər, həmçinin kurslarda təlim keçdilər. Odur ki, bu gün bizim səhiyyə infrastrukturumuz həkimlərin peşəkarlığı və bilikləri ilə uzlaşmalıdır. Hələ ki, bu istiqamətdə görüləsi işlər çoxdur. Əlbəttə, siz yaxşı bilirsiniz ki, dünya tibb elmi sürətlə inkişaf edir. Bu gün elə xəstəliklər müalicə olunur ki, əvvəlki illərdə bu xəstəliyin çarəsi yox idi. Ona görə Azərbaycan həkimləri, xüsusilə həkimlərin gənc nəsli, orta nəsli daim öz üzərində işləməlidir ki, bütün dünyada mövcud olan və yaranan yeni texnologiyalar, yeni müalicə qaydaları, yeni müalicə üsulları bizdə tətbiq olunsun. Mən hesab edirəm ki, bu sahədə əlavə işlərin görülməsi lazımdır".

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti