Dünyaya kömək vaxtıdır

   Dünyaya kömək vaxtıdır
  29 Mart 2020    Oxunub:7438
Bəşəriyyətlə koronavirus arasında müharibə davam edir. Bu müharibədə hər kəsin öz rolu var. Əsas döyüşçülər, sözsüz ki, həkimlərdir. Onlar ön cəbhədə düşmənlə savaşırlar, biz isə arxa cəbhədə üzərimizə düşəni həyata keçirməklə, həkim-əsgərlərimizə kömək olmalıyıq.
Bunun üçün əslində çox az şey tələb olunur: Sadəcə, evdə qalmaq. Hər bir məsuliyyətli insan bunu dərk etməlidir ki, məsələ onun istəyindən, kefindən yox, insan və vətəndaşlıq borcundan gedir. Biz bir müddət parklara çıxmasaq, gəzişməsək, dostlarla görüşməsək ölmərik, amma çıxsaq, bəlkə də bu hərəkətimizə görə kimsə ölə bilər.

Ona görə də, karantin müddətində ancaq vacib və zəruri işlərə görə evdən çıxmaq olar. Təəssüf ki, bunu başa düşməyən bəzi ağılsızlar (ifadəyə görə üzr istəyirik, amma belə məsuliyyətli məqamda bu, ən yumşaq sözdür) həkimlərin işlərini çətinə, başqa insanların həyatını isə təhlükə altına salırlar. Məhz onları başa salmaq üçün xüsusi karantin tətbiq olunur, qaydalar sərtləşdirilir, nəqliyyatın hərəkəti məhdudlaşdırılır, amma təəssüf ki, bu tiplər hələ də məsuliyyətlərini dərk etmək istəmirlər.

Belə vəziyyətdə anlayırsan ki, əsas problem virus deyil, ağılsızlardır.
Virusla döyüş asan deyil, amma ağılsızlarla döyüş daha çətindir.


Teqlər: Koronavirus   EvdəQal  





Xəbər lenti