Qarabağ Gömrük İttifaqına daxil ola bilməz – ANALİZ

Qarabağ Gömrük İttifaqına daxil ola bilməz – ANALİZ
  30 Dekabr 2013    Oxunub:1779
Səadət Yusifova
Hüquq elmləri üzrə fəlsəfə doktoru

Son zamanlar Ermənistan rəsmiləri iddia edirlər ki, Ermənistanın Gömrük İttifaqına daxil olması Dağlıq Qarabağın tanınmasına gətirib çıxaracaq. Bəziləri hətta bu məsələ ilə bağlı mövqelərini açıq-aşkar bildirirlər. 2013-cü il, dekabrın 27-də Ermənistanın baş naziri Tiqran Sarkisyan bəyan etdi ki, Dağlıq Qarabağ məsələsi Ermənistanı Gömrük İttifaqına aparan yolda maneə ola bilməz: “Qarabağ məsələsi Ermənistanın Gömrük İttifaqına qoşulması kontekstində müzakirə olunub. Qazaxıstan prezidenti, Ermənistan prezidentindən açıq-aydın bir cavabı aldı – Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqələri yoxdur və ola da bilməz”.

Elə həmin gün Parlamentdə hakim Respublika Partiyası (ERP) fraksiyasının deputatı Qaqik Minasyan bəyan etdi ki, Qazaxıstanın məsələ ilə bağlı sərt mövqe nümayiş etdirməsinə rəğmən, Ermənistanın Gömrük İttifaqına qoşulacağı təqdirdə Dağlıq Qarabağ da Gömrük İttifaqının bir hissəsinə çevriləcək ki, bu da, təşkilata üzv ölkələrin Qarabağın müstəqilliyini de-yure tanımasına yol aça bilər.

Bununla yanaşı, erməni deputat Cənubi Osetiya və Abxaziyanı misal çəkir: “Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin, RF ilə Cənubi Osetiya, eləcədə RF ilə Abxaziya arasında gömrük sərhədlərini aradan qaldıran razılaşma imzaladı. Adıçəkilən dövlətlər Rusiya tərəfindən tanınsa da (2008-ci ildə, Gürcüstanla avqust müharibəsindən sonra – red.), Gömrük İttifaqının digər üzvləri Belarus və Qazaxıstan bundan imtina etdi. Digər tərəfdən, Ermənistanla birgə “Dağlıq Qarabağ Respublikası” da Gömrük İttifaqının bir hissəsinə çevrilir. Qazaxıstan prezidenti Nursultan Nazarbayev məhz bu məqamı nəzərə alaraq, Gİ-nin sərhədlərinin dəqiq müəyyənləşdirilməsi məsələsini irəli sürür.

Regnum Agentliyinin Ermənistan hökumətində yüksək mövqe tutan və Ermənistanın quruma daxil olması üzrə danışıqlar prosesində iştirak etmiş mənbəyə istinadla verdiyi məlumata görə, Dağlıq Qarabağ Gömrük İttifaqına Ermənistanın iqtisadi və gömrük məkanının bir hissəsi kimi daxil olacaq: “Dağlıq Qarabağın Gömrük İttifaqında iştirakına göz yumulacaq. Hadisələrin bu cür inkişafı edəcəyi haqda fikirlər Avropa İttifaqı ilə Assosiativ Saziş imzalanması təklifində də irəli sürülürdü. O ki, qaldı Qarabağda istehsal ediləcək mallara, onlar Gömrük İttifaqı bazarına “Made in Armenia” brendi altında ixrac ediləcək”.

Rusiya siyasətçilərinin reaksiyası da maraq doğurur. Məsələn, Dumanın MDB, Avroasiyaya inteqrasiya və həmvətənlərlə iş üzrə komitəsinin rəhbəri Leonid Slutskiy iddia edir ki, həll olunmamış Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Gömrük İttifaqına qoşulması üçün maneə yaratmır, lakin bu amil də nəzərə alınacaq.

Mövzunun vacibliyini nəzərə alaraq, bu məsələyə bir qədər aydınlıq gətirmək istərdim.

Gömrük İttifaqının Gömrük Kodeksinə əsasən, “Gömrük İttifaqının vahid gömrük ərazisi quruma üzv dövlətlərin (hazırda Belarus Respublikası, Rusiya Federasiyası və Qazaxıstan Respublikası) ərazilərindən, eləcə də bu dövlətlərin hüdudlarında yerləşməsinə baxmayaraq, müstəsna yurisdiksiyaya malik olduqları süni adalar və bir sıra hərbi və mülki obyektlərdən ibarətdir. Gömrük İttifaqının gömrük ərazisinin hüdudları Gömrük İttifaqının gömrük sərhədlərini təşkil edir. İttifaqa üzv dövlətlər arasında beynəlxalq razılaşmalara uyğun olaraq (əgər belə bir müqavilə Ermənistanla imzalansa) gömrük sərhədi, Gömrük İttifaqına üzv dövlətlərin daxilində yerləşən ayrıca ərazilərin hüdudları ilə müəyyən oluna bilər.
Dağlıq Qarabağ isə Gİ-nin potensial üzvü olan Ermənistanın ərazisinə daxil deyil, bura hüquqi cəhətdən Azərbaycan ərazisi kimi tanınır.

Xatırladaq ki, uti possidetis juris -müasir beynəlxalq hüquq prinsipinə əsasən, federativ ərazilər çərçivəsində mövcud olan köhnə inzibati sərhədlər yalnız həmin federativ ərazilər daxilində yeni müstəqil dövlətlərin siyasi bölgüsü nəticəsində beynəlxalq sərhəd hesab edilə bilər. Eynilə Sovet İttifaqında olduğu kimi. Sovet İttifaqının konstitusiyasına görə, ittifaqa daxil olan ölkələrin ərazi və sərhədləri onun razılığı olmadan dəyişdirilə bilməzdi. SSSR-in dağılması nəticəsində yaranan yeni müstəqil dövlətlərin tanınmasının, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının əsasınıda məhz bu beynəlxalq-hüquqi doktrina dayanır.

Beləliklə, “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında ” Razılaşmanın 5-ci maddəsinə uyğun olaraq, 1991-ci ilin 8 dekabrdan etibarən “Razılığa gələn tərəflər Birlik çərçivəsində biri-birinin ərazi bütövlüyünü, mövcud sərhədlərinin toxunulmazlığını tanıyır və hörmət edirlər”. Bu yanaşma, həmçinin 1991-ci il dekabrın 21-də Azərbaycan və Ermənistan da daxil olmaqla 11 keçmiş sovet respublikaları arasında imzalanmış Almatı deklarasiyasına da şamil edilib. Yəni, bu sənədləri imzalamaqla Ermənistan Dağlıq Qarabağı Azərbaycan Respublikasının ərazisinin bir hissəsi kimi tanıyıb.



Bununla yanaşı, sözügedən sənədləri imzalayan digər dövlətlər də Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırlar. Azərbaycan ərazi bütövlüyünü imperativ normalar çərçivəsində tanıyan BMT, ATƏT və digər beynəlxalq təşkilatlara daxil oldu.

Əgər indi Ermənistanın Gömrük İttifaqı çərçivəsində imzalayacağı müqavilədə Dağlıq Qarabağın Gömrük İttifaqının gömrük ərazisinin bir hissəsi kimi hər hansı bir formada tanınması ilə hansısa bir maddə olarsa (çətin ki, belə olsun, çünki Gömrük İttifaqının Gömrük Kodeksi, eləcə də Vahid Gömrük Ərazisinin yaradılması və Gömrük İttifaqının formalaşdırılması haqqında Müqavilə bütün iştirakçılar üçün standart və vahiddir), nəinki Ermənistanın, həm də Gİ-yə üzv dövlətlərin bundan əvvəl götürdükləri beynəlxalq-hüquqi öhdəliklər və imzaladıqları razılaşmalara zidd olacaq. Qazaxıstan prezidenti N. Nazarbayevin Ermənistanın sərhədlərinin dəqiqləşdirilməsi ilə bağlı ifadə etdiyi narazılıq da məhz bununla əlaqədardır.

Belə ki, dekabrın 24-də, Moskvada Avrasiya Ali İqtisadi Şurasının toplantısında N.Nazarbayev bəyan edib ki, Ermənistanla Gömrük İttifaqı arasında gələcək əlaqələrdə Dağlıq Qarabağla bağlı qeyri-müəyyənlik Qazaxıstanı “yol xəritəsini” xüsusi rəylə imzalamağa məcbur edir. Qazaxıstan prezidenti, həmçinin Gömrük İttifaqının sərhədlərinin Ermənistanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlərindən keçib-keçməyəcəyi məsələsinə aydınlıq gətirməyi tələb edib.

Nazarbayev hesab edir ki, Avrasiya İqtisadi Birliyi ilə bağlı müqavilə, iştirakçı dövlətlərin digər ölkələr və təşkilatlarla imzaladıqları beynəlxalq müqavilələrə təsir etməməlidir. “Suveren dövlətlər olaraq biz müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlara xələl gətirmədən əməkdaşlıq edirik. İttifaq bu istiqamətdə bizə mane olmamalıdır”, – deyə Qazaxıstan prezidenti bildirib.

Bundan başqa, belə bir vəziyyət Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyinin sübuta yetirlməsi üçün əlavə hüquqi əsas verəcək.

Ermənistanın baş naziri Tiqran Sarkisyanın Dağlı Qarabağ məsələsinin ölkəsinin Dünya Ticarət Təşkilatına (DTT) daxil olarkən müzakirə edilmədiyini təsdiqləməsi o deməkdir ki, Ermənistan DTT-yə beynəlxalq səviyyədə tanınmış klassik sərhədləri çərçivəsində qəbul olunub.

Nəzəri cəhətdən ən pis halda Tayvanı misal gətirmək olar. Tayvan bu təşkilata müstəqil dövlət kimi deyil, Çinlə əvvəlcədən razılaşdırılmış qaydada “xüsusi gömrük zonası” kimi daxil olub. Bununla yanaşı, qeyd edək ki, Çin və Tayvan DTT-yə eyni vaxtda qəbul olunub. Tayvanın DTT-də bir gömrük ərazisi kimi iştirakına baxmayaraq, heç kim bunu Tayvanın müstəqilliyinin tanınması, yaxud da Çinin ərazi bütövlüyünə hörmətsizlik kimi qəbul etmir.

Dağlıq Qarabağa gəlincə isə, onun Gömrük İttifaqının iştirakçı dövlətləri tərəfindən beynəlxalq hüququn müstəqil subyekti kimi tanınması təhlükəsi heç yoxdur.

O ki qaldı Rusiya Federasiyası ilə Abxaziya və Cənubi Osetiya arasında ticarət rejimi ilə bağlı müqavilələrə, demək olar ki, onlar çoxtərəfli deyil, ikitərəfli xarakter daşıyır və Gömrük İttifaqına heç bir aidiyyəti yoxdur. Başqa sözlə desək, bu kimi hallar heç bir hüquqi fəsadlara səbəb ola bilməz, onlar müəyyən siyasi məqsəd daşıyır.

Artıq Azərbaycan rəsmi şəkildə Ermənistanın Gömrük İttifaqına daxil olmasına qarşı etirazının bildirib. “Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş rayonlarından geri çəkməyənədək və ölkənin ərazi bütövlüyü bərpa olunmayanadək bu belə də olacaq”,- deyə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Düşünürük ki, erməni və bəzi rus siyasətçilərinin bu kimi bəyanatları siyasi-deklarativ xarakter daşıyır və Azərbaycana təzyiqlərə yönəldilib. Ümid edirik ki, tərəfdaşlarımız - Rusiya, Qazaxıstan və Belarus Ermənistan üçün “yol xəritəsini” müzakirə edərkən, öz strateji tərəfdaşları olan Azərbaycanın mövqeyini nəzərə alacaqlar.


Teqlər:  





Xəbər lenti