“Koronavirus xəbərləri əhvalıma pis təsir edir” - 89 yaşlı Xalq şairi

“Koronavirus xəbərləri əhvalıma pis təsir edir” -  89 yaşlı Xalq şairi
  08 Aprel 2020    Oxunub:10032
“Koronavirusla bağlı gün ərzində aldığım xəbərlər əhvalıma pis təsir edir. Yaradıcılığa köklənə bilmirəm”.

Bunu Azvision.az -a Xalq şairi Nəriman Həsənzadə karantin günlərindən danışarkən deyib. 89 yaşlı şair evdə darıxsa da, qaydalara əməl edərək çölə çıxmadığını bildirib.
“Ola bilərmi ki darıxmayaq? Əlbəttə, darıxıram. Amma nə deyirlərsə, onu edirəm. Çətinliyim odur ki, mənə baxan qohumum xüsusi karantin rejiminə görə hər gün bizə gələ bilmir. Mən tək yaşayıram, onun köməyindən yararlanıram. Qalan hər şey qaydasındadır. Səfərbər olmasaq, xəstəlik bitməz. Nə deyirlər ona əməl edək ki, bir yana çıxaq, qırılmayaq. Əfsanələrdə də koronavirus kimi bəla yoxdur. Bu virusdan, onun gətirdiyi ölümlərdən yuxuda görüb kiməsə danışsaydıq, heç kim inanmazdı. Namərd düşməndir, gözə görünmür. Mən bunun kimi dəhşətli şeyi təsəvvür etmirəm. Bu cür vəhşilik olmamışdı. Çox riyakar bir xəstəlikdir. Belə vahimə hələ indiyə qədər yaşanmamışdı”, - deyə N.Həsənzadə söyləyib.

Xalq şairi yaşananların onun yaradıcılığından da yan keşmədiyini dilə gətirib: "Xəbərlər mənim əhvalıma təsir edir, yaradıcılığa köklənə bilmirəm. O qədər yarımçıq işlər var ki. Mütaliə, yaradacılıqla məşğul oluram. Amma özümə, ailəmə, millətimə görə nigaranam. Dünyanın kədərinə yanıram. Dünya mədəniyyətinə zərbə dəyir. Qələm dostlarımla telefonla danışırıq, müzakirə edirik, hamımız eyni vəziyyətdəyik”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Xalq-şairi   Nəriman-Həsənzadə  





Xəbər lenti