Tarixdə cəmi bir dəfə baş vermiş qəribə hadisələr

   Tarixdə cəmi bir dəfə baş vermiş qəribə hadisələr
  09 Aprel 2020    Oxunub:22430
Bəşər tarixi müharibə, fəlakət, epidemiya və bu kimi bir çox hadisələrin şahidi olub. Bütün hadisələri saymaq mümkün deyil, lakin onlardan bəziləri tarixdə yalnız bir dəfə baş verib.
Bu hadisələrdən biri Şimali Amerikada yerləşən Missisipi çayında meydana gəlib. Uzunluğuna görə dünyanın dördüncü çayı olan Missisipi 2012-ci ildə ABŞ-da tüğyan edən İsaak qasırğası səbəbindən 24 saat ərzində əks istiqamətə axıb.

AzərTAc-ın məlumatına görə, ABŞ-da baş verən daha bir qəribə hadisə bu ölkənin dəniz sularında cəmi bir dəfə görünən nəhəng kalmar olub. Suyun 750 metr dərinliyində görüntülənən bu canlıların Yaponiya sularında yaşadığı bilinir.

Bundan 43 il əvvəl - 1977–ci ildə “Böyük qulaq” (Big Ear) adlı radioteleskop kosmosdan 72 saniyəlik çox güclü səs dalğası qeydə alıb. Aparılan hesablamalara görə, siqnal Oxatan ulduzu bölgəsində yerləşən dünyadan 120-220 işıq ili uzaqlıqdakı “Chi Sagittarii” ulduzundan gəlib. Siqnalı qeydə alan mütəxəssis onu “Wow” olaraq işarələyib. Lakin aparılan bütün tədqiqatlara baxmayaraq, siqnalı təkrar almaq mümkün olmayıb.

Çiçək xəstəliyi. Bu da tarixdə cəmi bir dəfə görünən, ən ölümcül və tamamilə yox edilən yeganə insan xəstəliyidir. Müalicəsi olmayan bu xəstəlik üçün hazırlanan peyvənd onun yoxa çıxmasına səbəb olub ki, bu da o zamana qədər hazırlanmış ən effektiv vaksin kimi tarixə düşüb.

Belə misli görünməmiş hadisələrdən biri 1518-ci ildə Strasburqda yayılan “rəqs epidemiyası”dır. Epidemiya bir qadının yalnız özünün eşitdiyi musiqi sədaları altında dayanmadan rəqs etməsi ilə başlayıb. Sonrakı bir həftə ərzində xəstəlik daha 34 nəfərdə tapılıb və bu rəqəm 400-dək yüksəlib. Bu insanların bəziləri infarkt, yorğunluq kimi müxtəlif səbəblərdən ölüblər. Elm adamları bu hadisəni toplu psixoloji pozuntu kimi qiymətləndiriblər.

Digər belə qəribə epidemiya 1962-ci ildə Tanzaniyanın Kaşaşa şəhərində meydana gəlib. Qızlar məktəbində bir zarafat sonrası başlayan “gülüş epidemiyası”na burada təhsil alan 159 şagirddən 95-i yoluxub. Məlumatlara əsasən, epidemiyaya məruz qalan şagirdlərin bəziləri bir neçə saat, bəziləri isə tam 16 gün gülüb. Epidemiya müəllimlər arasında yayıldıqdan sonra - 1962-ci il martın 18-də məktəbin müvəqqəti bağlanmasına qərar verilib. Sonralar təxminən min nəfərin yoluxduğu epidemiya 14 məktəbin bağlanmasına səbəb olub. Elm adamları bu hadisənin stresslə bağlı olduğunu bildiriblər.

Azvision.az


Teqlər: Hadisə   Qəribə  





Xəbər lenti