`Akademik Şokalski`gəmisində təxliyə işləri bitdi - VİDEO
Antaraktida sahillərində buzda batıb qalmış Rusiyaya məxsus "Akademik Şokalski" gəmisinin 52 sərnişininin hamısı təxliyə edilib. AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Dəniz Təhlükəsizliyi İdarəsinin (AMSA) Twitter-dəki səhifəsində bildirilir.
Məlumatda deyilir: "Aurora Australius" gəmisinin komanda heyəti AMSA-ya bildirib ki, "Akademik Şokalski" gəmisinin 52 sərnişininin hamısı hazırda gəminin bortundadır".
Sərnişinlərin evakuasiyasına cümə axşamından başlanılıb. Hadisə yerinə Çin vertolyotu gəlib.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, bütün ekipaj üzvlərinin və ekspedisiya iştirakçılarının vəziyyəti yaxşıdır, onların həyatı üçün təhlükə yoxdur. Gəminin bortunda 74 nəfər olub, onlardan 22 nəfəri Rusiya vətəndaşı olan ekipaj üzvləridir.
Qeyd edək ki, "Akademik Şokalski" gəmisi dekabrın 24-də Antaraktida sahillərində, Avstraliyadan təxminən 1,2 min dəniz mili uzaqlığında buzların içində qalıb. Bir həftədən çoxdur ki, buzqıranlar vasitəsilə gəmiyə çatmağa cəhd edilir. Xilasedici vertolyot sərnişinləri "Aurora Australius" gəmisinə çatdırıb.