Professor Əli Nuriyev vəfat edib

Professor Əli Nuriyev vəfat edib
  15 Aprel 2020    Oxunub:5308
Qeyri-üzvi kimyanın nadir, səpələnmiş və radioaktiv elementlər kimyası sahəsində tanınmış mütəxəssis, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun şöbə və laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Əli Nuriyev aprelin 14-də 91 yaşında dünyasını dəyişib.
AMEA-dan Azvision.az -a verilən məlumata görə, Əli Nəcəfqulu oğlu Nuriyev 29 dekabr 1928-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. 1944-cü ildə Nehrəm kənd orta məktəbinin 7-ci sinfini bitirdikdən sonra Naxçıvan Tibb Texnikumuna daxil olmuş və təhsilini fərqlənmə diplomu ilə başa vurub.

O, 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olub, III kursdan Qorki (indiki Nijni Novqorod) şəhərində yerləşən Dövlət Universitetinin Kimya fakültəsinə göndərilib. 1953-cü ildə oranı "Analitik kimya" ixtisası üzrə müvəffəqiyyətlə bitirib və Sumqayıt Kauçuk Zavodunun Texniki-nəzarət şöbəsinin müdiri vəzifəsində əmək fəaliyyətinə başlayıb.

Ə.Nuriyev 1954-cü ildən Azərbaycan SSR Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) Geokimya və radiokimya laboratoriyasında kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. Alim 1971-ci ildən institutun Sorbsiya prosesləri şöbəsinə, həmçinin Qeyri-üzvi və sintetik sorbentlər laboratoriyasına rəhbərlik edib.

1962-ci ildə Ə.Nuriyev "Neft yataqları, lay sularında radioaktiv elementlərin paylanması" mövzusunda namizədlik, 1972-ci ildə isə "Azərbaycan neft yataqlarının lay sularında, neftlərdə və çökmə süxurlarında nadir və səpələnmiş elementlərin paylanması" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

1980–1985-ci illərdə professor Ə.Nuriyev işlədiyi institutun direktor müavini olmaqla yanaşı, Naxçıvan Elmi Mərkəzinə də rəhbərlik edib. Həmin mərkəzin elmi istiqamətinin müəyyənləşdirilməsində və kadr hazırlığında böyük səy göstərib.

Professorun əsas elmi istiqaməti neft–su–süxur üçlü heterogen sistemlərində mikroelementlərin paylanmasının qanunauyğunluqlarının aşkar edilməsi və onların mineral neft-lay və dəniz sularından sorbsiyası mexanizminin öyrənilməsi idi. O, ilk dəfə olaraq Azərbaycanın demək olar ki, bütün neft mənbələrində neft-lay suları-süxur sistemində nadir və radioaktiv elementlərin paylanmasını öyrənib, onların miqrasiya, səpələnmə və toplanmasının qanunauyğunluqlarını müəyyənləşdirib.

Ə.Nuriyevin rəhbərliyi ilə Darıdağ (Naxçıvan MR) termal mineral suyundan xalq təsərrüfatında geniş istifadə olunan karbon qazının alınması texnologiyası işlənib hazırlanıb və Naxçıvan mineral sularının qazlaşdırılmasında istifadə edilib. Bu tədqiqata görə Ə.Nuriyev Dövlət mükafatı laureatı adına layiq görülüb.

Ə.Nuriyevin rəhbərliyi ilə Neftçala yod-brom zavodunun tullantı suyundan elektrolizlə yeyinti sənayesi üçün yararlı olan xörək duzunun alınması texnologiyası işlənib hazırlanıb. Tədqiqat işi Respublika Milli Patentinə layiq görülüb və hazırda İran İslam Respublikasında Urmiya gölündən xörək duzunun istehsal olunmasında tətbiq olunur.

Alimin apardığı tədqiqatların nəticələri 3 monoqrafiya, 306 elmi əsər, o cümlədən 16 müəlliflik şəhadətnaməsi və 3 patentdə əksini tapıb. Onun rəhbərliyi ilə 14 fəlsəfə doktoru, 3 elmlər doktoru hazırlanıb.

Azvision.az


Teqlər: AMEA   Alim   Vəfat  





Xəbər lenti