İlk Milli Qəhrəman haqqında film çəkildi

İlk Milli Qəhrəman haqqında film çəkildi
  04 Yanvar 2014    Oxunub:27466
Təqdimat ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə baş tutub.
AzVision.az xəbər verir ki, Milli Məclisin deputatı Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (İB) təşəbbüsü və təşkilatçılığı ilə Ermənistan ilə ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə Azərbaycanın ən gənc Milli Qəhrəmanı Cavanşir Rəhimovun həyatı, döyüş və qəhrəmanlıq yolundan bəhs edən “Cavanşir” filminin təqdimatı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Yaddaş” sənədli filmlər studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən hazırlanan sənədli filmin rejissoru Kamalə Musazadədir.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra hərbi hissənin komandiri, polkovnik Mais Barxudarov çıxış edərək qəhrəmanlarımız haqqında filmlərin hərbi hissələrdə təqdimatını yüksək qiymətləndirib.

Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun həyat və qəhrəmanlıq yolundan danışan Milli Məclisin deputatı Qənirə Paşayeva rəhbərlik etdiyi təşkilatın mütəmadi olaraq qəhrəmanlarımız haqqında filmlər hazırladığını və igid döyüşçülərimizdən bəhs edən filmlərin hərbi hissələrdə təqdimatını təşkil etdiyini vurğulayaraq belə ekran əsərlərinin vaxtaşırı hərbi hissələrdə yeni xidmətə başlayan əsgərlərə göstərilməsinin vacibliyinə toxunub.

Cavanşir Rəhimovun Azərbaycanın ən gənc Milli Qəhrəmanı olmasını xüsusi vurğulayan Qənirə Paşayeva demişdir ki, o şəhidlik zirvəsinə yüksələndə və Milli Qəhrəman adına layiq görüləndə 19 yaşında, yəni sizin əksəriyyətinizin yaşında idi. Bu igidlik hamımız üçün örnək olmalıdır.

Bu filmdə onun yurd, millət sevgisi və Vətənə xidmət anlayışını görə biləcəksiniz deyən Qənirə Paşayeva əmin olduğunu bildirmişdir ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı torpaqlarımızı işğaldan azad edəcək.

Sonra filmin rejissoru Kəmalə Musazadə çıxış edərək bu ekran əsəri və onun gənclər üçün önəmi barədə danışmış və gənc əsgərləri bu cür qəhrəmanlarımızdan nümunə götürməyə çağırıb.

Sonra film nümayiş etdirilib. Sənədli film əsgərlər tərəfindən böyük maraqla qarşılanıb. Filmlə bərabər, Milli Qəhrəmanımız Cavanşir Rəhimov ilə bağlı məlumatların əks olunduğu materiallar da əsgərlərə paylanılıb. Eyni zamanda, filmin nüsxələri hərbi hissəyə hədiyyə edilib.

Azərbaycanın ən gənc Milli Qəhrəmanı Cavanşir İzzət oğlu Rəhimov 1973-cü il iyunun 5-də Qax rayonunda anadan olub. Sonradan valideynləri ilə birlikdə Bakının Qaraçuxur qəsəbəsinə köçüb. İlk təhsilini bu qəsəbədəki 104 nömrəli orta məktəbdə almışdır. İdmanın bir neçə növü ilə məşğul olan Cavanşir Rəhimov Azərbaycanın və keçmiş SSRİ-nin müxtəlif şəhərlərində keçirilən yarışlarda qalib adını qazanıb.

1988-ci ildə milli azadlıq hərəkatı başlayanda yeniyetmə Cavanşir də bu mübarizədə iştirak edib. O, 1992-ci il mayın 26-da könüllü olaraq hərbi xidmətə gedib. Yüksək fiziki hazırlığına görə onu aviasiya müəssisəsinin ilk hərbi vertolyot eskadrilyasına qəbul edib. İyunun 12-də Cavanşir Rəhimov Qaladakı “N” saylı hərbi hissədən vertolyotda bortatıcı kimi Qarabağ bölgəsinə yollanıb. Onun ilk döyüş yolu Ağcabədidən başlamışdır. Ağdərə, Tərtər, Ağdam, Füzuli, Laçın, Qubadlı bölgələrindən yaralıların çıxarılmasında, meyitlərin daşınmasında fəal iştirak edərək, düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv etməkdə böyük igidliklər göstərib. Cavanşir Rəhimov avqustun 6 da Ağdərə uğrunda gedən ağır səma döyüşlərindən birində qəhrəmanlıqla şəhid olub. Bakıdakı Şəhidlər xiyabanında dəfn edilib.

Şəhid Cavanşir Rəhimova 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

anspress.com


Teqlər:





Xəbər lenti