“Son zəng” o qədər də əhəmiyyətli deyil” - Deputat

 “Son zəng” o qədər də əhəmiyyətli deyil” -  Deputat
  28 Aprel 2020    Oxunub:5133
Bugünkü reallıq göstərir ki, “Son zəng” tədbirlərinin keçirilməsi o qədər də əhəmiyyətli deyil.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, təhsil eksperti Etibar Əliyev deyib. Onun sözlərinə görə, indiki durumda insanların sağlamlığı daha vacibdir və hər bir şəxs sanitar-gigiyena qaydalarına riayət etməlidir.

“Pandemiya hələ bitməyib, düzdür, koronavirusa yoluxan xəstələrin sayında azalma var. “Son zəng”ə gəlincə, tədbirlər bundan əvvəl məktəblərdə keçirilirdi. Hazırda təhsil müəssisələri bağlıdır. Hazırkı pandemiya dövründə belə kütləvi tədbirin keçirilməsi məqsədəuyğun deyil. Hesab edirəm ki, hər bir məktəb və sinif “Son zəng”i virtual şəkildə keçirə bilər. Bu, ən doğru variantdır”.

Ölkədə tədris prosesinin mart ayının 3-dən dayandığını deyən ekspert bildirib ki, “Son zəng”in keçirilməsindən daha çox təhsil proqramında yaranan boşluqların aradan qaldırılması vacibdir.

“Daha vacib olan məsələlər haqqında düşünməliyik. Yay məktəbləri olacaqmı? Təhsil müddəti uzadılacaqmı? “Son zəng”in təntənəli şəkildə keçirilməməsi şagirdlərin psixologiyasına, gələcək həyatına mənfi təsir etməyəcək. Çünki mövcud vəziyyət haqqında hamı məlumatlıdır. Hesab edirəm ki, məktəb rəhbərliyi, məktəb müəllimləri şagirdlər arasında müəyyən maarifçilik işləri aparmalıdır. “Son zəng” tədbirinin keçiriləcəyi vaxta hələ var. O dövrə qədər pandemiya tamamilə səngiyə bilər və buraxılış sinifləri əvvəlki illərdə olduğu kimi tədbiri keçirə bilər. Şagirdlər vəziyyəti başa düşməlidirlər”.

Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramov “Son zəng” tədbirlərinin onlayn şəkildə keçirilməsini təklif edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Sonzəng  





Xəbər lenti