Türkiyədən gələn həkim: “Koronavirusa yoluxma bir il davam edəcək” - MÜSAHİBƏ

 Türkiyədən gələn həkim:  “Koronavirusa yoluxma bir il davam edəcək” -  MÜSAHİBƏ
  02 May 2020    Oxunub:33763
Bir müddət əvvəl Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlardakı xəstəxanalarında COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsinə start verilib. Layihədə Türkiyədən ölkəyə qayıdan 19 azərbaycanlı həkim iştirak edir.
Layihə çərçivəsində Azərbaycana gələn 19 həkimdən biri Mədinə Abdullayevadır. Onun Azvision.az-a müsahibəsini təqdim edirik:

- Mədinə xanım, suallara keçməzdən əvvəl özünüz haqqında oxucularımıza məlumat verməyinizi istərdik.

- Mən Abdullayeva Mədinə Abdulla qızı 1978-ci ildə Bakı şəhərində anadan olmuşam. 1995-ci ildə 5 saylı kimya-biologiya təmayüllü respublika baza liseyini əla qiymətlərlə başa vurub, Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsinə daxil olmuşam. Tibb Universitetini 2002-ci ildə kardioloq ixtisası üzrə bitirmişəm. 2012-2017 illərində Dövlət Proqramı ilə İzmir şəhərində Dokuz Eylül Universitetinin Tibb fakültəsində İnfeksiyon Xəstəliklər ve Kliniki Mikrobiologiya üzrə uzmanlıq təhsili almışam. 2018-ci ildən Özəl Ege Şəhər Xəstəxanasında İnfeksiyon Xəstəliklər və Kliniki Mikrobioloq uzmanı olaraq işləyirəm.

- Necə oldu ki, REACT-C 19 layihəsinə qatıldınız?

- Mən bu layihə haqqında eşidəndə bir an belə düşünmədən müraciət etdim. Dəyərləndirmələrdən sonra onlayn görüşlər oldu ve layihəyə qəbul edildim. ÜST nümayəndəsi məndən "niyə bu layihədə iştirak etmək istəyirsiniz?" deyə soruşanda “çünki mən azərbaycanlıyam” dedim. Dünyanın hər hansı bir yerində olmağımdan asılı olmayaraq, əgər millətimin və dövlətimin mənə ehtiyacı varsa, hər zaman əlimdən gələni etməyə hazıram.



- Koronavirusla bağlı ümumi vəziyyəti necə qiymətləndirirsiniz?

- Hazırda dünyada 3 milyondan çox insan COVID-19 virusuna yoluxub, onlardan 200 mindən çoxu dünyasını dəyişib. Qərbi Avropada pandemiya ilə bağlı vəziyyət sabit və yoluxma halları azalmaqdadır. Bir çox ölkələrdə isə artıq tendensiya davam etməkdədir. Pandemiyaya daha çox məruz qalan bəzi ölkələrdə yoluxmanın təkrar artdığını görürük. Virusla əlaqədar bildiklərimiz məhduddur, bilmədiyimiz çox şey var. Tam effektiv müalicəsi və peyvəndi olmadığı üçün ehtiyatlı olmalıyıq. Əgər sosial izolyasiya, əl və tənəffüs gigiyenasına davam edilməzsə, virusun yayılması davam edər.

- Lahiyə çərçivəsində hansı işləri görmüsünüz, hansı xəstəxanalarda olmusunuz?

- Bildiyimiz kimi, Türkiyədən gələn 19 azərbaycanlı həkim Azərbaycanın seçilmiş xəstəxanalarında layihə çərçivəsində çalışmaqdadırlar. Biz seçilmiş xəstəxanalarda çeşidləmə, triaj sisteminin tətbiqi, infeksiyaların qarşısının alınması və nəzarət, xəstəlik hallarının idarə olunması ilə əlaqədar işlərdə kömək edirik. Dünən layihənin Bakıdakı ilk mərhələsi başa çatdı. Bundan sonra bölgələrdəki seçilmiş xəstəxanalara yola düşəcəyik. Hamımızın məqsədi Azərbaycanın koronavirusa ən az zərərlə qalib gəlməsidir.

- Azərbaycanda koronavirusla bağlı vəziyyət necədir? Bu barədə fikirlərinizi bilmək istərdik.

- Azərbaycan dünyadakı ən yaxşı təcrübələri tətbiq edərək pandemiyanın qarşısını almağa çalışır. Cənab Prezidentimizin rəhbərliyi altında zamanında görülən tədbirlər virusun ölkəmizdə yayılma sürətini azaldıb. “Yeni klinika”nın qısa müddətdə koronaviruslu xəstələr üçün istifadəyə verilməsi, yerli maska istehsalına başlanılması, ciddi iş rejimi, karantinin gücləndirilməsi kimi tədbirlər nəticəsində vəziyyət nəzarət altına alınıb. Azərbaycanın koronavirusla mübarizəsi dünyada uğurlu nümunə kimi göstərilir.

- Koronavirusla bağlı müxtəlif fikirlər səsləndirilir, pandemiyanın uzun müddət davam edəcəyi bildirilir. Siz necə düşünürsünüz?

- Pandemiyanın nə qədər davam edəcəyini heç kim bilmir. Bir il boyunca koronavirusla bağlı xəstələnmə hallarının davam edəcəyini düşünürəm. Aprelin 10-dan sonra yoluxma sayında azalma görünür. Bu, bizi sevindirir. Amma yenə də tədbirli olmalıyıq. Nəzərə almaq lazımdır ki, virusun müalicəsi, ona qarşı peyvənd hələ yoxdur və təhlükə hələ davam edir. Lazımi tədbirlər görülməsə, virus yenidən alovlana bilər. Xalqımıza tövsiyəm odur ki, dövlətimizin koronavirusla mübarizəsinə dəstək olsunlar, qaydalara əməl etsinlər. Lazım olmadıqca evdən çıxmasınlar, sosial məsafəni qorusunlar, əl və tənəffüs gigiyenasına riayət etsinlər.



Aytən Zəhra
Azvision.az


Teqlər: REACT-C19   COVİD-19   Türkiyə   Azərbaycan   Həkim  





Xəbər lenti