DİM: 72 şagirdin qiymətlərində dəyişiklik edib
İmtahanın nəticələri aprel ayının 15-də elan olunmuş və hər bir iştirakçı Dövlət İmtahan Mərkəzinin saytında imtahan nəticələrinə, cavab vərəqlərinə, qiymətləndirmə meyarlarına (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) baxmaq imkanına malik olub. Bundan əlavə, imtahanda istifadə olunmuş sual kitabçaları (mətnlər, tapşırıqlar) və dinləmə mətnlərinin audiofaylları DİM-in internet saytında yerləşdirilib. Çox təəssüf ki, imtahan nəticələrinin elan olunmasından keçən 20 gün ərzində imtahanda iştirak etmiş 39672 nəfərdən 21082-i öz nəticələrinə, 8484-ü isə cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) baxıb.
İmtahan nəticələri elan olunduqdan sonra DİM-də Apelyasiya komissiyası fəaliyyət göstərmiş və müraciətlər araşdırılıb. Apelyasiya komissiyasına ərizə qəbulu 20-22 aprel tarixlərində onlayn şəkildə (DİM-in saytı vasitəsilə) həyata keçirilib. Apelyasiya komissiyasına 435 şagird (bütün imtahan verənlərin 1,09%-i) 1800-ə yaxın tapşırıq (bütün tapşırıqların 0,18%-i) üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Onlardan 72 şagirdin (bütün imtahan verənlərin 0,18%-i,) cəmi 95 tapşırıq (bütün tapşırıqların 0,009%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.
72 şagirddən 30 şagirdin işində edilən düzəlişlər onların imtahan zamanı bir tapşırığın həllini (cavabını) başqa tapşırıq üçün ayrılmış sahəyə yazmaları səbəbindən baş verib.
Qeyd edək ki, xüsusi karantin rejiminə uyğun olaraq apelyasiya prosesi də onlayn təşkil edilib. Belə ki, elektron ərizələrində “Zoom” proqramı vasitəsilə izah almaq istəyən 166 şagirdlə videobağlantı yaradılıb və yazı işləri müzakirə edilib, 260-dan çox şagirdlə isə seçimlərinə uyğun olaraq telefon vasitəsilə müzakirə aparılıb. Müzakirəyə qoşulmayan şagirdlərin də ərizələri araşdırılıb və qiymətləndirmə meyarlarına uyğun müvafiq qərarlar verilib.
Azvision.az
Teqlər: