Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür
  07 May 2020    Oxunub:14113
Bu gün Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 140 illiyi tamam olur.
Azvision.az xəbər verir ki, Əzim Əzimzadə 1880-ci ilin aprelin 7-də Novxanı kəndində anadan olub. Atasının etirazına baxmayaraq, ibtidai təhsilini rus-tatar məktəbində alıb.

Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib. Rəssamlığa məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc etdirməklə başlayıb. 1906-cı ildən “Molla Nəsrəddin”, “Baraban”, “Zənbur”, “Tuti”, “Kəlniyyət” və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoyub.

Ə.Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. O, öz əsərlərində mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tutub. Çəkdiyi “İt boğuşdurma”, “Kişi arvadını döyür”, “Varlı evində toy”, “Su üstündə dava”, “Köhnə bakılılar” kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edib.

Rəssam satirik şair Mirzə Ələkbər Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalarla (1914) kitab qrafikası sənətinin də əsasını qoyub. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan verib.

Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunub. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edib. 1920-1943-cü illərdə Ə.Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor olub.

Əzim Əzimzadə 1943-cü il mayın 15-də Bakıda vəfat edib.

Qeyd edək ki, Bakı Rəssamlıq Texnikumu və Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evdə rəssamın ev muzeyi açılıb, evin yaxınlılığındakı bağda büstü qoyulub.

Azvision.az


Teqlər: Əzim-Əzimzadə  





Xəbər lenti