Subbakalavrların ərizələrinin qəbul vaxtı bəlli oldu
Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər. Bakalavriat səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ödənişli əsaslarla həyata keçirilir. Dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu 2020-ci il iyunun 1-dən 15-dək internet vasitəsilə aparılır. Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/erizebak/erize/subbak.aspx) daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.
Subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar ilk olaraq məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə müraciət etməli və məlumatlarının sistemə daxil olunmasını təmin etməlidirlər. Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar. Müsabiqədə iştirak ödənişsizdir.
Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar yuxarıda qeyd olunanlarla yanaşı, təhsil almaq istədikləri ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçirlər. Qeydiyyat DİM tərəfindən elan olunacaq müddətdə eservices.dim.gov.az/erizebak/qabiliyyet internet səhifəsində aparılır. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir. Qeydiyyatdan keçmək üçün subbakalavr şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir.
Qeydiyyatdan keçmiş subbakalavrlar müəyyən olunacaq cədvəl üzrə DİM tərəfindən elan olunacaq tarixlərdə qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanları DİM tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir (bax: “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayı) və imtahanların nəticəsi balla və ya “məqbul/qeyri-məqbul”la qiymətləndirilir. XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.
Hərbi çağırışçıların müsabiqədə iştirak etmək üçün möhlət haqqında arayışı və hərbi sənədlərində bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı olmalıdır. Möhlət hüququnu təsdiq edən məlumatlar Xidmətin müvafiq idarəsi tərəfindən elektron məlumat bazasına daxil edilməlidir. Hərbi qeydiyyatın aparılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.
Məlumatda deyilir ki, ixtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.
Eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
- Orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG),
- Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası (AYQƏO).
Cari ildə qəbul imtahanında iştirak edən subbakalavr öz istəyindən asılı olaraq, həm imtahanda topladığı bal ilə abituriyent kimi ümumi qaydada, həm də subbakalavr kimi qəbul imtahanında iştirak etmədən orta ixtisas təhsili səviyyəsində bitirdiyi ixtisasa uyğun ali təhsil pilləsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər.
Azvision.az
Teqlər: DİM