Muzdlu işçilərə və sahibkarlara 100 milyonadək vəsait ödənilib

Muzdlu işçilərə və sahibkarlara 100 milyonadək vəsait ödənilib
  12 May 2020    Oxunub:4206
Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.
İqtisadiyyat Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, indiyə qədər nazirliyə muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün 26 721 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 100 374 fərdi (mikro) sahibkar, ümumilikdə 127 095 vergi ödəyicisi müraciət edib.

Muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 253 983 işçini əhatə edən 26 721 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyə qədər təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 91,15 mln manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 45,57 mln manat təşkil edir. Mayın 8-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 21 820 vergi ödəyicisinə 192 649 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 43,59 mln manat vəsaitin köçürülməsini təmin edib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 91 680 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 55,08 mln manat təşkil edir. Mayın 8-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 52,81 mln manat vəsaitin 87 393 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsini təmin edib.

Azvision.az


Teqlər: Sahibkar   Maliyyə   Yardım  





Xəbər lenti