Tarixi abidə ərazisində tikinti işləri dayandırıldı

   Tarixi abidə ərazisində tikinti işləri dayandırıldı
  18 May 2020    Oxunub:3225
10 may 2020-ci il tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Dövlət reyestrinin aparılması, abidələrə və tədqiqatlara nəzarət sektorunun müdiri Pərviz Nəcəfov tərəfindən Qobustan rayonu Sündü kəndi ərazisindəki yeni orta məktəbin tikinti işləri zamanı saxsı qab nümunələrinin aşkar edilməsi haqqında məlumat daxil olub.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Azvision.az -a verilən məlumata görə, qurumun rəhbərliyinin göstərişi ilə İnstitutun şöbə müdiri, bölgə üzrə arxeoloji ekspedisiyanın rəhbəri Akif Quliyev rayona ezam edilib və Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qobustan rayon üzrə abidə mühafizəçisi Bəylər Musa oğlu Ağayevlə birgə maddi-mədəniyyət nümunələrinin aşkar edildiyi əraziyə baxış keçirilib.

Əraziyə baxış keçirərkən müəyyən edilib ki, ərazidə antik dövrə aid nekropol mövcud olub. Akif Quliyevin fikrincə, əraziyə yayılmış daşlara əsasən, Antik dövr nekropolu daş qutu qəbirlərdən ibarət olib və ümumilikdə, nekropol Qafqaz Albaniyasının xristianlıq ərəfəsindəki dövrə aiddir. Torpağın üst qatı ekskavator vasitəsi ilə götürüldüyündən nekropol dağıdılmış, mədəni təbəqə qarışıb. Abidənin aşkar edilməsi haqqında məlumat vaxtında müvafiq orqanlara çatdırılmayıb və tikinti işləri zamanı abidənin çox hissəsi dağıdılıb.

Arxeoloq Akif Quliyevin məlumatına görə, tikinti rəhbərliyi Mədəniyyət Nazirliyi və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi ilə əlaqə saxlayaraq, ərazidə tədqiqat işlərinin aparılmasına qədər bütün tikinti işlərinin dayandırıldığını və bu işlərin arxeoloji araşdırmalardan sonra davam etdiriləcəyini bildirib.

A.Quliyevin sözlərinə görə əldə edilmiş razılığa əsasən yaxın vaxtlarda qeyd edilən ərazidə kəşfiyyat işləri başlanacaq, abidənin sərhədləri müəyyən ediləcək və Mədəniyyət Nazirliyi tətəfindən qeydiyyata alınacaq. Abidədə arxeoloji tədqiqat işlərinin həyata keçirilməsi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Mədəniyyət Nazirliyinin birgə qərarından sonra baş tuta bilər.

Azvision.az



Teqlər: AMEA  





Xəbər lenti