Müdafiə Nazirliyinin keçmiş əməkdaşı tutuldu

Müdafiə Nazirliyinin keçmiş əməkdaşı tutuldu
  10 Yanvar 2014    Oxunub:1303
Keçmiş məmur Azərbaycanda dələduzluq fəaliyyətində şübhəli bilindiyi üçün beynəlxalq axtarışa verilib.

125 min dollar pulu gizli yolla xərcləməkdə günahlandırılan və hazırda beynəlxalq axtarışda olan Azərbaycan Müdafiə Nazirliyinin keçmiş məmuru Rusiya ərazisini tərk etmək istəyərkən paytaxt Moskvanın Domodedovo aeroportunda saxlanılıb. Bu barədə məlumatı Rusiya Daxili İşlər Nazirliyinin (DİN) İrkutsk vilayəti üzrə baş idarəsi yayıb.

Məlumata əsasən, keçmiş məmurun saxlanılması Rusiya İnterpol Xidmətinin İrkutsk idarəsi və ölkə DİN-in nizami idarəsinin birgə gərgin işi sayəsində mümkün olub.

Adı açıqlanmayan keçmiş nazirlik işçisi Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən fırıldaqçılıq fəaliyyətinə görə beynəlxalq axtarışa verilmişdi. İstintaqın nəticələrinə görə 2010-cu ildə Müdafiə Nazirliyində işləyən zaman o, vəzifəsindən sui-istifadə edərək mühasibat sənədlərini saxtalaşdırıb və bununla Azərbaycan dövlətinə 125 min dollar zərər vurub.

AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, 2011-ci ildə saxta sənədlərlə Azərbaycan –Rusiya sərhədlərini keçərək İrkutsk vilayətinin Nijeudinsk rayonunun Xudoelanski kəndində məskunlaşaraq burada ixtisassız fəhlə kimi çalışıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində yerli polis onun kimliyini müəyyən edib. İzlənildiyini hiss edən 1965-ci il təvəllüdlü keçmiş hərbçi, İrkutsk-Moskva aviareysi ilə Moskvaya qaçıb.

Lakin “İnterpol Xidmətinin İrkutsk idarəsinin əməkdaşları dərhal DİN-in nizami idarəsinin Domodedovo aeroportundakı həmkarları ilə əlaqə saxlayıblar. Şübhəli sözügedən aeroportda saxlanılaraq istintaq təcridxanasına yerləşdirilib.”, - Rusiya DİN-in regional idarəsindən bildirilib.
Hazırda faktla bağlı araşdırmalar aparılır.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti