BDU-dan tələbələrə böyük güzəştlər

BDU-dan tələbələrə böyük güzəştlər
  23 May 2020    Oxunub:7304
Bakı Dövlət Universitetinin mayın 22-də keçirilən Elmi Şurasında tələbələrin gözlədiyi bir sıra qərarlar qəbul edilib.
Universitetdən Azvision.az -a bildirilib ki, bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş və yekun dövlət attestasiyası buraxılış yekun dövlət imtahanı formasında nəzərdə tutulmuş tələbələr (bu şərtləri ödəyən kontingentdə saxlanılmış və bərpa olunmuş tələbələr də daxil olmaqla) təhsil müddətində əldə etdikləri nəticələrə (ÜÖMG) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab ediləcəklər. ÜÖMG-yə uyğun olaraq yekun dövlət attestasiyasının nəticələri ilə razılaşmayan tələbələr üçün cari ilin iyun ayının 30-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunmaqla ənənəvi formada buraxılış yekun dövlət imtahanı təşkil olunacaq.

Yekun dövlət attestasiyası buraxılış işinin müdafiəsi formasında nəzərdə tutulmuş tələbələr üçün yekun attestasiya buraxılış işinin onlayn müdafiəsi formasında həyata keçiriləcək. Tələbə müraciət etdiyi təqdirdə buraxılış işini müdafiə etmədən təhsil müddətində əldə etdiyi nəticələrə (ÜÖMG-yə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab ediləcək.

Magistratura səviyyəsində magistrlik dissertasiyalarının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında onlayn qaydada həyata keçiriləcək. Bu və ya digər səbəbdən onlayn müdafiədə iştirak edə bilməyən magistrantlar üçün magistrlik dissertasiyasının müdafiəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunmaqla ixtisaslaşdırılmış şuralarda ənənəvi formada təşkil olunacaq.

Müvafiq ixtisas üzrə tədris planlarında buraxılış kurs tələbələri və magistrantları üçün nəzərdə tutulmuş bütün təcrübələr 100 balla qiymətləndiriləcək.

Bakalavriat səviyyəsinin I, II və III kurs tələbələri, I kurs magistrantlar, alt qruplarda, həmçinin ləğv olunmuş fənlər üzrə yaradılmış əlavə qruplarda təhsil alan tələbələr və magistrantlar üçün yaz imtahan sessiyasının imtahanları onlayn qaydada şifahi formada təşkil ediləcək. Attestasiyalarda iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət almış, o cümlədən fənni (fənləri) dinləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak etmək istəyən bakalavriat və magistratura səviyyələrində təhsil alanlar üçün növbəti semestr başlayana qədər ödənişsiz imtahan sessiyası təşkil ediləcək.

Hər bir fənn üzrə bütün tələbələrin cari qiymətləndirilməsi 50 bal olaraq müəyyən olunacaq. Hər bir fənn üzrə tərtib olunmuş imtahan sualları məzmun və əhatəlilik əsas götürülərək müvafiq qaydada azaldılacaq və sadələşdiriləcək. İmtahanların nəticələri imtahanın gedişində tələbələrə elan ediləcək. Tələbələrin istəyi və müraciətləri olduğu halda cari ilin avqust ayı ərzində (3-4 həftə müddətində) icmal mühazirələr də (ödənişsiz əsaslarla) təşkil olunacaq.

Təşkil olunmuş attestasiyalarda (yekun attestasiya və ya aralıq qiymətləndirmə) iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət almış, o cümlədən fənni dinləmədən akademik borcu əvvəlki semestrlərdə yaranmış iki fənn üzrə imtahanda iştirak etmək istəyənlər üçün növbəti semestr başlayana qədər ödənişsiz imtahan sessiyası təşkil ediləcək. Tələbə müraciətlərinin operativ araşdırılması üçün Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı sentyabr ayında 2020/2021-ci tədris ili başlayanadək müəyyən ediləcək. Yaz semestrinin nəticələrinə görə akademik borcu yaranmış və akademik borcu 2020/2021-ci tədris ili başlayanadək ləğv etmiş tələbə də növbəti təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil ediləcək.

Azvision.az


Teqlər: BDU  





Xəbər lenti