Tailandda seçki vaxtı dəyişdirilir
Seçki komissiyasının beş üzvü tərəfindən imzalanmış məktubda deyilir: “Yaranan vəziyyətdə biz hökumətə seçkiləri təxirə salmaq təklifi ilə əlahəzrət krala müraciət etməyi məsləhət görürük”.
Sənəddə həmçinin qeyd edilir ki, hətta seçkilər keçirilsə də, yeni parlament, çox güman ki, normal fəaliyyət göstərə bilməyəcəkdir, çünki seçki komissiyasında belə hesab edirlər ki, parlamentin yeni tərkibi onun tam heyətinin 95 faizdən az hissəsini təşkil edəcəkdir. Tailand qanunvericiliyinə görə, bu halda parlament legitim hesab edilə bilməz və buraxılmalıdır.
Yanvarın 13-də müxalifət qüvvələri Banqkokda 20 əsas yol ayrıcında hərəkəti dayandırmaq, yalnız təcili yardım maşınlarının və ictimai nəqliyyatın hərəkətinə icazə vermək niyyətindədirlər. Bundan başqa, nümayişçilər əsas hökumət binalarını işıqsız və susuz qoymaq niyyətindədirlər. Onlar əvvəllər də bir neçə dəfə belə etmişlər.
İdeoloji əsası Demokrat Partiyasının üzvlərindən ibarət olan müxalifət Baş nazir vəzifəsini icra edən Yinqlak Çinavatın dərhal istefa verməsinə, habelə Tailand Milli Məclisinə (parlamentinə) növbədənkənar seçkilərin təxirə salınmasına nail olmağa çalışır.
Demokratlar seçkilərin boykot olunduğunu elan etsələr də, seçki kampaniyasında rekord sayda – 50-dən çox siyasi partiya iştirak edir. Nümayişçilərin səsverməni pozmaq, öz namizədliklərini irəli sürənlərin hətta qeydə alınmasına imkan verməmək cəhdləri 28 seçki dairəsində (77 əyalətdən 8-də) uğurlu olub.
Teqlər: