Amerikanın milyonçu konqresmenləri
AzVision.az xəbər verir ki, Belə vəziyyət ABŞ tarixində ilk dəfə qeydə alınıb.
“Məsul Siyasət Mərkəzi” adlı ictimai təşkilat 2012-ci il üçün açıqlanan əmlak bəyannamələri barədə məlumatı OpenSecrets.org saytında dərc edib.
Ölkədəki iki aparıcı partiyanın nümayəndələrinin maddi təminat səviyyəsi təxminən eynidir. Demokrat konqresmenin əmlakının məbləği orta hesabla 1,04 milyon dollara, respublikaçı konqresmenin əmlakının orta dəyəri isə düz bir milyon dollara bərabərdir.
Senatorlar aşağı palatadan olan həmkarları ilə müqayisədə xeyli varlıdırlar: 896 min dollara qarşı 2,7 milyon dollar.
Ən təminatlı konqresmen - Respublikaçılar Partiyasının üzvü Darrell İssa Nümayəndələr Palatasında Kaliforniya ştatını təmsil edir. İssa maşınların qaçırılmasına qarşı mübarizə sistemləri alveri hesabına 598 milyon dollar gəlir əldə edib.
Ən yoxsul konqresmen isə Respublikaçılar Partiyasının digər üzvü, Kaliforniyadan olan Devid Valadaodur. O da Konqresin aşağı palatasının üzvüdür. Valadaonun ailəsinə məxsus süd fermasının 12 milyon dollardan artıq borcu vardır.
Məsul Siyasət Mərkəzinin direktoru Şeyla Krumhols Frans-Press agentliyinə müsahibəsində deyib: “Bizim vətəndaşlar Vaşinqtonda onların mənafelərinin təmsil olunmasını təminatlı insanlara etibar edirlər. Bu meyil dəyişməz qalır”.
Mərkəzin direktoru daha sonra deyib ki, maliyyə vəziyyətinin yaxşı olması seçkiqabağı kampaniyaların uğurla aparılması üçün də zəruri şərtdir.
Bununla bərabər, hazırda Konqresə siyasi təsisat kimi etimad səviyyəsi sosioloji araşdırmalar tarixində ən aşağı göstəricilərdən birinə bərabərdir.
Qanunvericilərin şəxsi sərvətləri barədə məlumatların Məsul Siyasət Mərkəzi tərəfindən dərc edilməsi Konqresdə minimum əməkhaqqının və işsizliyə görə müavinətlərin məbləği barədə debatların davam etməsi ilə eyni vaxta təsadüf edib.
Qeyd etmək lazımdır ki, bir tərəfdən amerikalıların gəlirinin artması, digər tərəfdən inflyasiya prosesləri ilə əlaqədar indiki vaxtda bir milyon dollar Morqan və Rokfeller dövründə olduğu kimi sanballı məbləğ deyildir.