Yeni dərsliklər müzakirə olundu

Yeni dərsliklər müzakirə olundu
  12 Yanvar 2014    Oxunub:1647
TQDK Göyçayda yeni dərsliklərin müzakirəsini təşkil etdi.
Yanvarın 11-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə Göyçay rayonunda yeni təhsil proqramları (fənn kurikulumları) əsasında hazırlanan və orta məktəblərin VI sinif şagirdlərinin istifadəsində olan tarix və coğrafiya fənləri üzrə yeni dərsliklərin müzakirəsi aparılıb.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, tədbirdə 7 rayondan 60 müəllim, eləcə də TQDK-nın nümayəndələri, dərslik müəllifləri iştirak ediblər. Məlumat verildi ki, TQDK tərəfindən orta məktəblərin I-XI siniflərində tədris olunan dərsliklərin monitorinqi aparılıb. Rəylər TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilmişdir. I sinifdən VI sinfə qədər olan dərsliklər isə yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanıb. Bundan əlavə, hazırkı tədris ilində VI siniflər üçün yeni dərsliklər istifadəyə verilmişdir. Artıq 2013-2014-cü tədris ilinin birinci rübü arxada qalmışdır. Bu tədbirin keçirilməsində əsas məqsəd birinci rübdə tədris üçün nəzərdə tutulan hissənin müzakirəsini təşkil etmək olub.

Tədbirdə dərsliklərin məzmunu, dil və üslubu, bədii tərtibatı, dizayn məsələləri, tapşırıqların məzmuna uyğunluğu, müəllimlər üçün hazırlanan metodiki vəsaitlə bağlı fikirlər söylənilib, təkliflər irəli sürülüb. Müzakirələrdə orta məktəb müəllimləri ilə yanaşı, ekspertlər və dərslik müəllifləri yaxından iştirak etmiş, maraqlı təkliflərin nəzərə alınacağı və gələcəkdə yeni dərsliklərin hazırlanması zamanı onların tətbiq ediləcəyi qeyd olunub.

Bu cür tədbirlərin yanvarın sonunadək Şirvan, Quba və Lənkəranda da keçirilməsi nəzərdə tutulur.


Teqlər:





Xəbər lenti