Salamlaşma və şəkil çəkdirmək ləğv olundu - Çempionatda yeni qaydalar

Salamlaşma və şəkil çəkdirmək ləğv olundu -  Çempionatda yeni qaydalar
  05 İyun 2020    Oxunub:5419
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib.
Azvision.az -ın məlumatına görə, dəyişikliklər Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev tərəfindən təsdiqlənib.

Qurum bununla bağlı bəyanatında təlimatları açıqlayıb.

Azərbaycan Premyer Liqası və Azərbaycan Kuboku oyunlarında reallaşdırılacaq qaydalar:

1. Stadionda, bazada, informasiya lövhəsində Koronavirus pandemiyasından qorunmağın yolları haqqında məlumatlar öz əksini tapmalıdır.

2. Oyunun keçirildiyi stadiona sərbəst giriş-çıxış matçın startından 3 saat əvvəl bağlanmalıdır.

3. Oyunlardan öncə stadiona gəlişinə rəsmi qaydada icazə verilmiş şəxslərin hərarəti girişdə yoxlanılmalıdır. Hərarəti yüksək olan şəxsin stadiona girişinin qarşısı alınmalıdır. Stadiona, bazaya gələcək şəxslər mütləq şəkildə tibbi maskadan istifadə etməlidirlər. Bütün bunlara nəzarət etmək üçün stadiona giriş bir yerdən olacaq. Məlum pandemiyanın simptomları aşkarlanan şəxs izolyasiya edilməlidir.

4. Oyunun rəsmi nümayəndəsi matçın startından ən azı 2 saat 30 dəqiqə əvvəl stadionda olmalıdır. İclas otağı oyun günü matçın startından 3 saat əvvələ qədər dezinfeksiya edilməli və havalandırılmalıdır. İclasda iştirak edən şəxslər mütləq şəkildə sosial məsafəyə riayət etməlidirlər. AFFA nümayəndəsinin rəhbərliyi ilə keçirilən iclasda hər kəs tibbi maskadan istifadə etməlidir.

İclasda iştirak etməli olan səlahiyyətli şəxslərin siyahısı:

I. AFFA nümayəndəsi
II. Meydan sahibi komandanın nümayəndəsi
III. Qonaq komandanın nümayəndəsi
IV. Nəzarət Buraxılış xidmətinin nümayəndəsi
V. Stadion nümayəndəsi
VI. Polis əməkdaşı
VII. Təcili Tibbi Yardım nümayəndəsi
VIII. FHN (yanğınsöndürən) nümayəndəsi

Xüsusi qeyd: Nümayəndə iclasın gedişində mütləq şəkildə COVID-19-la bağlı danışmalı və təlimata uyğun fikirlərini bildirməlidir.

5. İclasdan sonra bütün otaqların dezinfeksiya edilməsinə nümayəndə tərəfindən nəzarət edilməlidir.

6. Futbolçular oyuna üzərlərində PFL tərəfindən verilmiş xüsusi “A buraxılışı” ilə gəlməlidirlər. “A buraxılışı”nın istifadə müddəti mövsümün son oyununa kimi uzadılır və üzərində “A buraxılışı” olmayan şəxs stadion, baza ərazisinə daxil ola bilməz. Bu, polis və yerli komandanın Nəzarət Buraxılış xidməti tərəfindən tənzimlənir.

7. Komandaların stadion gələn zaman soyunub-geyinmə otağına yollanmaları növbəli şəkildə olmalı və bu zaman oyunçular fiziki təmasdan çəkinməlidirlər.

8. Oyunlara ancaq adı cari oyunun protokolunda qeyd olunan şəxslər gələ bilər. Zədəli, cəzalı və digər səbəblərdən oyunda iştirak etməyən şəxslər stadiona gələ bilməz.

9. Stadionda, bazada, istifadə olunan bütün otaqlarda, “sky-box”ların ümumi girişində, eləcə də sanitar qovşaqlarda dezinfeksiya aparatları olmalıdır.

10. Oyunlara yalnız Peşəkar Futbol Liqası tərəfindən qeydiyyatdan keçmiş, oyunun təşkili və qiymətləndirilməsinə cavabdeh olan şəxslər gələ bilər. Müvafiq departamentlər bununla bağlı əməkdaşlarına məlumat versinlər.

11. Oyundan öncə hər iki komandanın əvvəlki qaydada tuneldə yoxlanış üçün düzülməsi ləğv olunur. Bu, hər iki komandanın soyunub geyinmə otağının önündə gerçəkləşdiriləcək. Bu zaman futbolçular, eləcə də futbolçularla hakimlər arasında sosial məsafənin qorunması vacibdir. Köməkçi hakim tibbi maska taxmalıdır. Əgər geyim formasında hər hansı problem varsa belə oyunlar nəzərdə tutulan vaxtda başlayacaq. Ən pis halda hansısa komanda az sayda oyunçu ilə (qapıçı xaric) oyuna başlamalıdır. Bu insanların kütlə şəklində uzun müddət birlikdə qalmasının qarşısını alır. Futbolçu formasında yaranmış nasazlığı aradan qaldırdıqdan sonra oyuna qoşula bilər. Komandaların yoxlanılması və meydana daxil olması sırası:

I. meydan sahibi komanda
II. qonaq komanda.

12. Oyunlarda azarkeşlərin iştirakına icazə verilmir. Amma onlara məxsus bannerlər klub nümayəndəsi tərəfindən tribunaya yerləşdirilə bilər. Azarkeşlərin içəri daxil olmasının qarşısını polis və yerli klub almalıdır.

13. Oyunun start fitindən öncə
- heyətlər, eləcə də oyunun gedişində informasiya xarakterli bütün məlumatlar diktor tərəfindən deyilir;
- salamlaşma ləğv olunur;
- vımpel dəyişmək ləğv olunur;
- kollektiv şəkil çəkdirmək ləğv olunur;
- hakimlərin oyundan əvvəl bir-birinə dəstək salamlaşması ləğv olunur.

14. Fasilə zamanı oyunçulara soyunub-geyinmə otağına getməmələri və stadionda dincəlmələri tövsiyə olunur (ciddi zərurət olmadığı təqdirdə). Əgər komandalar soyunub-geyinmə otağına gedəcəklərsə bu növbəli şəkildə və sosial məsafə qorunmaqla edilməlidir. 1-ci meydan sahibi, sonra qonaq komanda stadionu tərk etməlidir.

15. Oyunçulara qol sevincini fərdi qeyd etmələri tövsiyə olunur.

16. Oyundan sonra sağollaşmalar təmassız edilməlidir.

17. Oyundan sonra soyunub-geyinmə və duş otaqlarında sosial məsafənin qorunması, eləcə də meydan sahibi komandanın oyunçularına klubun bazasındakı otaqlarda duş qəbul etmələri tövsiyə olunur.

Azvision.az


Teqlər: Futbol   Koronavirus  





Xəbər lenti