Əcnəbilər İlahiyyat İnstitutunda təhsil ala biləcəklər

Əcnəbilər İlahiyyat İnstitutunda təhsil ala biləcəklər
  08 İyun 2020    Oxunub:4128
Azərbaycan İlahiyyat İnstitutuna 2020-2021-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə əcnəbi tələbələrin qəbulunun həyata keçirilməsi nəzərdə tutulur.
İnstitutdan Azvision.az -a verilən məlumata görə, tələbələrin qəbulu təhsil sahəsində Azərbaycan ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota, İnstitutun iştirak etdiyi beynəlxalq proqramlar, dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı, İnstitut ilə xarici ölkələrin təhsil müəssisələri, hüquqi və fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr və Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında keçirilir.

Azərbaycan İlahiyyat İnstitutunda ödənişsiz təhsil alan əcnəbi tələbələrə xüsusi imtiyazlar verilir. Belə ki, onlar yüksək məbləğdə təqaüdlə, yataqxana və bütün fənlər üzrə pulsuz dərsliklərlə, o cümlədən geyimlə təmin olunurlar.

Aşağıdakı meyarlara uyğun olan şəxslər Azərbaycan İlahiyyat İnstitutunun bakalavriat səviyyəsində təhsil almaq üçün müraciət edə bilərlər:

1. Yaşı 30-dan çox olmayan.

2. Əvvəlki təhsil pilləsini və ya səviyyəsini uğurla bitirən.

3. Məhkumluğu olmayan.

4. Sağlamlığı təhsil almağa imkan verən.

5. Azərbaycan dilini bilən.

6. Din xadimi kimi fəaliyyət göstərməyə marağı olan.

7. Din haqqında ümumi anlayışı olan.

8. Mənəvi-psixoloji durumu dini təhsil almağa imkan verən.

9. Ünsiyyətqurma bacarığı olan.

10. Ümumi dünyagörüşü geniş olan.

11. Cəmiyyətdə mövcud müxtəlif inanclara qarşı dözümlülüyü olan.

12. 1-4-cü bəndlərdə qeyd olunanlar əcnəbinin təqdim etdiyi sənədlər vasitəsilə, 5-11-ci bəndlər isə bu Qaydalara uyğun surətdə İnstitut tərəfindən təşkil olunan müsahibə nəticəsində müəyyən edilir.

Azvision.az


Teqlər: AxtarışNəticələriVebnəticələrİlahiyyatİnstitutu  





Xəbər lenti