47 yaşlı Xalq artisti ilə ad günü söhbəti: “Allah elə möcüzə yaradıb ki...”

 47 yaşlı Xalq artisti ilə ad günü söhbəti:  “Allah elə möcüzə yaradıb ki...”
  10 İyun 2020    Oxunub:13509
"Hər işin öhdəsindən gələrəm, təki sağlam can olsun"

Bu gün Xalq artisti Gülyanaq Məmmədovanın doğum günüdür. 47 yaşını qeyd edən xanəndə ad günü ilə bağlı təəssüratlarını Azvision.az -la bölüşüb.
- Gülyanaq xanım, deyirlər, yaş kişinin var-dövlətidir. Bəs qadın üçün yaş nə deməkdir?

- Elə gözəl sualdır ki, bu barədə heç vaxt düşünməmişdim. Yaşın üstünə yaş gəldikcə həm sevinirsən, həm də kövrəlirsən. Kövrəlirsən ki, daha bir il ömründən getdi. Buna görə də insan yaşa dolduqca bir az məyus olur. Xüsusən də qadınlar. Onlar gözəlliyini itirmək istəmirlər. Amma təsəllim o olar ki, bundan sonrakı həyatımı sağlam canla yaşayım. Yaşa dolmaqdan qorxmaq lazım deyil. Hər insan yaşa dola bilmir. Hərənin ömrü bir yerdə qırılır, bitir.

Allah elə möcüzə yaradıb ki, hər yaşda insanı həyata bir cür bağlayır. Uşaqlığın, gəncliyin, orta yaşın öz xatirəsi, mənası var. Bu gün anayam, uşaqlarımın sevgisi ilə həyata bağlanıram. Bir müddət nəvə sevgisi məni yaşamağa həvəsləndirəcək. Zaman çox sürətlə gedir. Bəzən yaşadıqlarını kənardan izləməyə heç vaxtın olmur. Həyatın gözəlliyini balalarımla yaşamaq üçün vaxt mənə kifayət etmir. Həyatın yükü çoxdur. Hər işin öhdəsindən gələrəm, təki sağlam can olsun.

- Sizi ilk təbrik edən kim oldu?

- Ailəm, uşaqlarım, həyat yoldaşım məni ilk təbrik etdilər. Dünən gecə 12-dən bir dəqiqə keçməmişdi ki, uşaqlar üstümə atılıb, məni qucaqladılar. Ötən gün saat 11-də evə gəldim, içəri girəndə hədiyyəmi görmüşdüm. Sabah da bacım Elnazın ad günü olduğu üçün iki hədiyyə qoyulmuşdu. Sən demə, Gülyaz hədiyyəmi hamıdan qabaq gətirib. İlk telefon zəngi isə Mənsum Mənsumovdan, Xaçmazda olan bir qardaşımdan gəlib. Bu ana qədər telefonum susmayıb. Tələbələrim, müəllim yoldaşlarım, sənət dostlarım məni təbrik edirlər. Bu məni çox sevindirir. Doğum günümü şadlıqla, sevgi ilə keçirirəm.

- Bu gün sizi necə təbrik etsəydilər, ürəyinizə yağ kimi yayılardı?

- Mənim üçün bütün təbriklər ürəyimə yağ-bal kimi yayılır. Ən gözəl hədiyyə insanların diqqətidir.

- Ötən günlərə boylansaydınız, hansı illəriniz üçün darıxardınız?

- Hansı günlər üçün darıxmırıq ki? Hamısı ömür yolumun xatirələridir. Biri-birindən gözəldir. Çətin anlarım da olub. Amma bu mənim həyat yolumdur, əzizdir, unudulmazdır.

- Bu gün yuxudan durdunuz, aynaya baxdınız, özünüzə nə dediniz?

- Gecəni təbriklərə cavab verib, səhərə yaxın yuxuya getmişəm. Yuxudan gec durdum. Ayanaya baxanda özümə dedim ki, insan özünü həmişə sevməlidir, özünə dəyər verməlidir. Hətta üzümüzdə bir qırış artsa belə, şükür etməliyik. Əsas odur, Allah bizə həyat verib, biz sağlamıq. Bizi gözəl saxlayan insan sevgisidir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: GülyanaqMəmmədova   müğənni  





Xəbər lenti