AMEA-dan koronavirus haqqında şeirə münasibət

 AMEA-dan koronavirus haqqında şeirə münasibət
  12 İyun 2020    Oxunub:4281
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sosial şəbəkələrdə akademiyada, o cümlədən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda koronavirusa şeir yazılması haqqında yayılan informasiyalara münasibət bildirib.
Akademiyadan Azvision.az -a verilən məlumata görə, AMEA-da koronavirusla mübarizə haqqında şeirin yazılması yalnız şifahi məlumat şəklində olub. Akademiyada çalışanlardan bir nəfərinin koronovirusa yoluxmuş yaxın qohumunun həkimlər tərəfindən xilas edilməsinə şeirlə minnətdarlığını bildirməsinə dair eşidilmiş məlumata müsbət münasibət ifadə edilib, belə bir yazı olarsa çap edilməsi, kitaba daxil edilməsi məqsədəuyğun sayılıb.

"Həmin şeirin mətni akademiyada heç kimə təqdim olunmamışdır və şeir heç bir yerdə çap edilməmişdir. Yazılması haqqında yalnız şifahi məlumat olan, heç yerdə çap olunmamış, mətni bizə də məlum olmayan bir şeirə dair məlumatı sosial şəbəkələrdə bu qədər şişirtmək və əldə olmayan bədii yazıya görə elmi kollektivlər, alimlər haqqında xoşagəlməz fikirlər səsləndirmək mediamıza hörmət gətirməz. Bildirmək istəyirik ki, dünyanın bütün akademiyalarında əsas fəaliyyət sahəsi elmlə ciddi surətdə məşğul olmaq olan tanınmış elm adamlarının həm də bədii əsər yazmaları, rəsm əsərləri çəkmələri, kitablarını nəşr etdirmələri, sərgilərini təşkil etdirmələri məqbul hal hesab olunur. Azərbaycan Milli Elmlər Akademiyasında da öz ixtisası sahəsində ölkə miqyasında tanınan alimlər var ki, həm də vaxtları və imkanları daxilində bədii yaradıcılıqla da məşğul olur, rəsm əsərləri çəkirlər. Heç də şair, yazıçı, yaxud rəssam olmağa iddialı olmayan belə yaradıcı şəxslər üçün bədii yaradıcılıq ikinci məşğuliyyət sahəsidir. Hətta onların arasından professional qələm sahibləri də yetişə bilir".

Məlumatda qeyd edilib ki, koronovirusla mübarizə ilə əlaqədar elmin qarşısında duran vəzifələr Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclaslarında müzakirə olunub və bu barədə ictimaiyyətə geniş məlumat verilib. Müxtəlif elmi-tədqiqat İnstitutlarında koronovirusla mübarizə ilə əlaqədar immun sisteminin möhkəmləndirilməsi, yoluxma təhlükəsinin aradan qaldırılmasında dərman bitkilərinin və xalq təbabətinin rolu və əhəmiyyəti, sularda yoluxma təhlükəsinin monitorinqinin aparılması, yoluxmanın qarşısını alan endemik bitkilərin yetişdirilməsinin genişləndirilməsi, postpandemiya dövrünün iqtisadiyyatının vəzifələri və sair kimi məsələlərlə əlaqədar tədqiqatlar davam etdirilir:

"Bütün bunlarla bağlı rəsmi dövlət mətbuatında, sosial şəbəkələrdə ictimaiyyətə vaxtaşırı geniş məlumatlar çatdırılmışdır. AMEA-nın müxbir üzvü Tərlan Məmmədov Türkiyə və Azərbaycan alimlərinin birgə iştirakı ilə koronovirusun qarşısını almaq üçün vaksin hazırlanması istiqamətində elmi araşdırmalara başlamaları barədə ictimaiyyətə ilkin məlumatlar yaymışdır.

Sosial şəbəkələrdə hallandırılan AMEA-da həyata keçirilmiş «Fizika və lirika» layihəsi isə dünyanın bir çox ölkələrində, Rusiya, Çin, Polşa Akademiyalarında da tədqiq edilən, elmlə ədəbiyyatın qarşılıqlı təsiri və əlaqəsinə həsr edilmiş aktual bir problemdir. Bu problemin müxtəlif aspektləri ilə Albert Eynşteyn, Lev Landau kimi Nobel mükafatı laureatı olan görkəmli alimlər də məşğul olmuşlar.

Bütün bunlara görə sosial şəbəkələrdə koronovirusla mübarizəyə dair yazılması haqqında yalnız şifahi məlumat səsləndirilən, mətni əldə olmayın, çap edilməmiş bir bədii yazını bəhanə etməklə elm adamlarını tənqid hədəfinə tutmaq, yersiz mübahisələr açmaq xoşagəlməz məqsədlərə xidmət edir. Mətbuat işçiləri kimi, elmin də, alimin də adını və şərəfini uca tutmaq xalqımıza layiq yüksək xüsusiyyətdir".

Azvision.az


Teqlər: AMEA   Şeir  





Xəbər lenti