İmtahanların nəticələri açıqlandı

 İmtahanların nəticələri açıqlandı
  13 İyun 2020    Oxunub:4357
İyunun 10-da və 11-də keçirilmiş 9-cu sinif buraxılış, 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanlarının nəticələri elan olunub. İmtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytında yerləşdirilib.
DİM-dən Azvision.az-a bildirilib ki, iştirakçılar imtahanın nəticələri və cavab kartının qrafik təsviri ilə mərkəzin saytındakı müvafiq linklərdə tanış ola bilərlər.

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

9-cu sinif üzrə buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 17089 nəfərdən 422 nəfər, kolleclərə qəbul imtahanlarında iştirakı nəzərdə tutulan 1669 nəfərdən 268-i, Azərbaycan dili imtahanında iştirakı nəzərdə tutulan 2776 nəfərdən 76-sı imtahana gəlməyib. 1 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

Xatırladaq ki, buraxılış imtahanlarında (o cümlədən Azərbaycan dili) iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün şəhər və rayonlar üzrə bütün imtahanlar başa çatdıqdan sonra onlayn qaydada Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək.

İyunun 10-da və 11-də keçirilən 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti