UNEC dünyanın 250 ən yaxşı universiteti sırasında

  14 İyun 2020    Oxunub : 2986
UNEC dünyanın 250 ən yaxşı universiteti sırasında
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 90 illik yubileyi ərəfəsində daha bir uğura imza atıb.
UNEC-dən Azvision.az -a bildirilib ki, Avropa İttifaqının “Erasmus+” proqramı tərəfindən maliyyələşən U-Multirank reytinq təşkilatı dünya universitetlərinin fəaliyyətini ölçən reytinq sıralamasının yeddinci buraxılışını və 28 fənn üzrə reytinq cədvəlini açıqlayıb. U-Multirank reytinq sıralamasının builki buraxılışında 92 ölkədən 1800-ə yaxın universitet 5 kriteriya - tədris və öyrənmə, tədqiqat, bilik transferi, beynəlmilləşmə və regional fəaliyyətləri üzrə qiymətləndirilib. Ümümi performansı U-Multirank təşkilatı tərəfindən “A” (çox yaxşı) ilə qiymətləndirilən UNEC builki reytinqdə ən yaxşı 950 (1786 universitet arasında) universitet sıralamasında qərarlaşıb.

Reytinqə düşən 1786 universitet arasında UNEC iqtisadiyyat fənni (subject ranking) üzrə xüsusi reytinqdə 209-cu ən yaxşı nəticəni əldə edərək 250 ən yaxşı universitetlər sırasına düşüb.

U-Multirank Avropa Komisiyasının təşəbbüsü ilə müstəqil konsorsium tərəfindən hazırlanıb. Konsorsiumun üzvlərinə Almaniyanın Ali Təhsil Mərkəzi (Centre for Higher Education), Tvente Universitetinin Ali Təhsil Siyasəti Tədqiqatları Mərkəzi (Higher Education Policy Studies), Leyden Universitetinin Elm və Texnologiyalar Tədqiqatlar Mərkəzi (Centre for Science and Technology Studies) və İspaniyanın Bilik və İnkişaf Fondu (Fundación CYD) daxildir.

Azvision.az

Teqlər: UNEC   Universitet