Attestasiya imtahanlarının nəticəsi nə vaxt açıqlanacaq?

 Attestasiya imtahanlarının nəticəsi nə vaxt açıqlanacaq?
  14 İyun 2020    Oxunub:5266
Dövlət İmtahan Mərkəzində (DİM) iyunun 10-da və 11-də keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) imtahanın yazı işlərinin yoxlanılması prosesinə hazırlıq işləri görülür.
DİM-dən Azvision.az-a bildirilib ki, hər iki günün imtahanı üzrə bütün şagirdlərin cavab vərəqləri skan edilərək onların şifrələnmiş elektron faylları hazırlanıb. Bu zaman şagirdlərin cavab vərəqlərinin elektron təsvirlərindən onların bütün şəxsi məlumatları proqram tərəfindən avtomatik silinir. Bununla paralel olaraq imtahanda təqdim edilən yazı işi tapşırıqları üçün ekspertlər tərəfindən ilkin qiymətləndirmə meyarları hazırlanıb.

Qarşıdakı dörd gün ərzində qrafikə uyğun olaraq yazı işlərinin elektron təsvirlərinin hər tapşırıq üzrə kəsilib ayrılacaq, yoxlama prosesi üçün bütün zəruri materialların elektron bazaya daxil ediləcək, şagirdlərin yerinə yetirməkdən imtina etdikləri (boş saxladıqları) işlərin müəyyən olunacaq. Eyni zamanda, kalibrləmə mərhələsi üçün etalon işlərin seçilməsi, qiymətləndirilməsi və ilkin meyarların təkmilləşdirilməsi mərhələləri həyata keçirilərək yoxlama prosesinə hazırlıq mərhələsi yekunlaşdırılacaq. Bundan sonra yazı işlərinin yoxlanılması prosesi onlayn (məsafədən) keçiriləcək və markerlər bu prosesdə öz evlərindən qoşulmaqla iştirak edəcəklər. Hər bir yazı işi proqram tərəfindən təsadüfi seçilmiş ən azı iki marker (iki markerin verdiyi qiymətlər üst-üstə düşmədiyi halda iş proqram tərəfindən üçüncü markerə göndərilir) tərəfindən qiymətləndiriləcək.

İmtahan nəticələrinin yaxın üç həftə ərzində elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, markerlər yoxlama prosesinə evdən qoşula bilmək (və identifikasiya) üçün qeyd olunan texniki imkanlara malik olmalıdırlar: PC və ya noutbuk üçün minimal sistem tələbləri, prosessor – Pentium 4, buna ekvivalent və ya sonrakı model;

Əməliyyat sistemi – Windows 7, Windows 8.1, Windows 10;

Operativ yaddaş – 2GB RAM;

Veb brauzer – Google Chrome (minimal versiya 70);

Veb kamera tələbləri – İnstalyasiya edilmiş USB veb kamera (Veb kameranın Microsoft‘s WDM və ya VfW (video for windows) uyğunluğu olmalıdır). Kamera linzasının buraxıcılıq qabiliyyəti minimum 1.3 meqapixeldir.

İnternetə qoşulma tələbləri – İnternetə qoşulma DSL, ADSL və ya fiberoptik kanallardan biri üzərindən olmalıdır. Sürət üçün minimal hədd 1Mbit/san-dir.

Yazı işlərinin yoxlanılması prosesinə DİM-də ən azı bir il markerlik təcrübəsi olanlar, həmçinin bu ilin fevral və mart aylarında sınaq və 9-cu siniflərin buraxılış imtahanlarının yazı işlərinin yoxlanılmasında uğurla iştirak edən markerlər cəlb ediləcək. Həmin yoxlama proseslərinin təftişində və apelyasiya prosesi zamanı yazı işlərinin qiymətləndirilməsində səhvə yol verdiyi aşkarlanmış markerlər həm indiki yoxlama prosesindən, həm də bundan sonra keçiriləcək bütün yoxlama proseslərindən uzaqlaşdırılıblar.

Qeyd edək ki, markerlərin hazırlıq kursunda iştirak edib son dövrlərdə sertifikat əldə etmiş, amma indiyədək real yoxlama prosesində təcrübəsi olmayan yeni markerlər bundan sonra keçiriləcək sınaq imtahanlarına və növbəti ildə 9-cu siniflərin buraxılış imtahanlarına cəlb edilərək təcrübə əldə olunduqdan sonra 11-ci siniflərin buraxılış və qəbul imtahanlarının yoxlama prosesinə dəvət ediləcəklər.

Markerlərin şəxsi məlumatlarında, əlaqə vasitələrində və ya əməkhaqqı ödənişi ilə bağlı bank rekvizitlərində dəyişiklik olduğu təqdirdə marker kodu və şəxsiyyət vəsiqələrinin FİN kodu vasitəsilə https://eservices.dim.gov.az/experts/page_login.aspx linkində elektron səhifələrinə daxil olub məlumatlarını mütləq yeniləməlidir.

Xatırladaq ki, iyunun 10-da və 11-də keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında şagirdlər 12 tapşırıq (ana dili, riyaziyyat və xarici dil fənlərinin hər birindən 4 tapşırıq) üzrə ümumilikdə 253 mindən çox yazı işi yerinə yetiriblər.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti