“Tanışlarım bu xəstəlikdən əzizlərini itirdilər” - Meyxanaçı Ağamirzə

 “Tanışlarım bu xəstəlikdən əzizlərini itirdilər” -  Meyxanaçı Ağamirzə
  16 İyun 2020    Oxunub:7586
"Gün ərzində bu qədər öpüşüb-görüşmək olar? Əlini qoy sinənə salam ver və sosial məsafəni gözlə. Bunu etmək çətin deyil".

Bunu Azvision.az -a tanınmış meyxanaçı Ağamirzə Məmmədov karantin günlərindən və koronavirusdan necə qorunmasından danışarkən deyib.
Meyxanaçı bildirib ki, dost-tanışla daha çox telefonla əlaqə saxlayır və yaxın məsafədə təmasda olmaqdan çəkinir.

"Maştağa kəndində evim var, orada yaşayıram. Həyətdə samovar qaynadıram, ağacın altında dincəlirəm, arada televizora baxıram.

Sərt karantin günlərində evdə oldum, ərkim çatan insanlara da məsləhət gördüm ki, çölə çıxmasınlar. Səbrli olub, evdə otursunlar. Bizə də çətindir, amma meyxana, şeir, qəzəl ilə başımızı qatırıq".

Meyxanaçı tanıdığı insanlar arasında koronavirusdan vəfat edənlərin olduğunu söyləyib: "Yaxınlarımla, tanışlarla telefonla danışıram, əvvəlki kimi bir-birimizin evinə getmirik. Koronavirusun varlığına 100 faiz inanıram. Bu boyda yalan, zarafat olmaz. Tanışlarım bu xəstəlikdən əzizlərini itirdilər. Canımı qorumağa çalışıram. Çölə çıxanda maska taxıram, təmizlik qaydalarına riayət edirəm. İnsanlardan artıq dərəcədə xahiş edirəm ki, belə günlərdə öpüşüb-qucaqlaşmasınlar. Yaxınlarıma da belə məsləhət görürəm.

Xüsusən kişilər, gün əzində neçə dəfə öpüşüb salamlaşırlar. Dəqiqədə bir öpüşüb-görüşmək olar? Əlini qoy sinənə və salamını ver. Bununla da sosial məsafəni gözlə.
O zaman əl tutub görüşmək və öpüşmək olar ki, adamı uzun müdətdir görmürsən".

Meyxanaçı əlavə edib ki, toylara getməsə də, maddi sıxıntısı yoxdur.

"Məni toylar yaşatmır, məni yaşadan Allahdır. İllərlə toy olmasa da, Allah bizim ruzimizi ayırıb. Harada olursan ol, o sənə gəlib çatacaq. Toylara da Allah bərəkət versin. Amma əsas Allahdır".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Meyxana   Ağamirzə  





Xəbər lenti