“Acgözlük edib 5 maşın almayın, dünya əbədi deyil” - Sərxan Sərxan

 “Acgözlük edib 5 maşın almayın, dünya əbədi deyil” -  Sərxan Sərxan
  18 İyun 2020    Oxunub:21267
"İnsana bir tikə çörək, təmiz hava və su lazımdır".

Bu gün Azərbaycanın Xalq artisti Sərxan Sərxanın doğum günüdür. 68 yaşı tamam olan sevilən müğənni ad günü ilə bağlı təəssüratlarını Azvision.az -la bölüşüb.
- Sərxan bəy, kişilər haqqında "yaş kişinin var-dövlətidir" deyirlər. Sizcə, yaş var-dövlətdir, yoxsa üst-üstə yığılmış illərin cəmi?

- Yaş müdriklikdir. Yaşlandıqca təcrübən artır, həyatda lazımsız, artıq hərəkətləri etmirsən. Digər yandan adam kədərlənir ki, ömürün axırına yaxınlaşırsan.

- Bəs illəri tərəzidə hesaba vuranda ən çox hansı vaxtlarınızın xatirəsi ağır gəlir?

- 80-cı illərdə səhnədə aktiv çıxış etdiyim günlərin xatirəsini yada salanda həyəcanlanıram.

- Bu gün səhər yuxudan durdunuz və aynaya baxdınız. Özünüzə nə dediniz?

- Bu gün səhər saat 6-da yuxudan durdum, saqqalımı qırxdım, saçımı yudum. Sonra televiziyadan zəng etdilər və canlı bağlantı yaratdıq. Öz-özümə dedim, görüm tamaşaçılar məni bəyənəcəklər, ya yox. Deyəsən, bəyəndilər. Formadayam. İndi sizinlə danışa- danışa Moskvada çayın qırağında velosiped sürürəm. Hər səhər iki saat idman edirəm. Mənim üçün əsas can sağlığıdır.

- Sizi ilk təbrik edən kim oldu?

- İlk təbrik edən yaxın qohumlar və dostlar oldu. O cümlədən, qızım Kamilla zəng etdi. Saat 6-da telefona baxdım və gördüm təbriklər artıq gəlib.

- Vətəndən uzaqda doğum gününü kimlərlə qeyd edəcəksiniz?

- Bu gün Moskvada iş günüdür, ona görə də bazar günü yığışıb qeyd edəcəyik.

- Karantin günlərini necə keçirdiniz? Çətin olmadı ki?

- Karantin günlərində səhərlər idmanla məşğul olurdum, gitarada ifa edirdim. Ən əsası çox yeməməyə çalışırdım. Deyirdim, az və kefiyyətli yeyim. Bunun nəticəsidir ki, çoxundan fərqli olaraq kökəlmədim.

Koronavirus olmasaydı, indi Bakıda olacaqdım. Ad günümü oradakı dostlarımla qeyd edəcəkdim. Yollar açılan kimi birinci reyslə Bakıya gələcəyəm. İnsanlara da deyirəm ki, virus var. Özlərini mütləq qorusunlar. Bu da bir dərddir başımıza gəlib. Mübarizə aparaq.

Koronavirus insanlara göstərdi ki, dünya əbədi deyil, acgözlük edib 5 maşın almayın, sağlamlığa fikir verin. İnsana bir tikə çörək, təmiz hava və təmiz su lazımdır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: SərxanSərxan   Xalqartisti  





Xəbər lenti