“Yüksəliş”in videomüsahibə turunun nəticələri açıqlandı
Müsabiqənin İşçi qrupunun təyin etdiyi ekspert heyəti tərəfindən videoların təhlilləri aparılıb. Ekspert heyətinin tərkibində Dövlət İmtahan Mərkəzinin nümayəndələri və insan resursları üzrə mütəxəssislər yer alıb.
Bu turun qaydalarına əsasən, namizədlər təklif olunan 5 sualdan 3-ünü seçərək cavablandırıb. İştirakçılar videomüsahibə turunda müəyyənləşdirilmiş şərtlərə, həmçinin texniki göstəricilərə də xüsusi diqqət yetiriblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə ümumilikdə 11760 nəfər qeydiyyatdan keçib. Onlardan 9775 nəfər müsabiqəyə qəbul edilib.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Azvision.az
Teqlər: Yüksəliş