Azərbaycan mədəniyyəti necə inkişaf edə bilər? - Müsahibə

   Azərbaycan mədəniyyəti necə inkişaf edə bilər? -    Müsahibə
  19 İyun 2020    Oxunub:12881
Dünyanın istənilən ölkəsini mədəniyyəti ilə məğlub və ya qalib etmək olar. Dövrümüzdə mədəniyyət sahəsinin daha da inkişafı və zənginliyi üçün hansı addımların atılmasının lazım olması sualına cavab tapmaq üçün “Mədəniyyət” kanalının direktoru, Azərbaycanın əməkdar artisti Ramil Qasımovla söhbətləşmişik.
- Bu gün ölkəmizdə, bütün sahələrdə yeni, müasir idarəetmə sistemi qurulur. Azərbaycan mədəniyyəti, zəngin tarixi köklərə malikdir. Milli – mənəvi dəyərlərimizin qorunması, təbliği istiqamətində ölkə rəhbərliyinin gördüyü işlər danılmazdır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dəfələrlə ölkə xaricində mədəniyyətimizin təbliğində mən də bir musiqiçi kimi iştirak etmişəm. Müasir dövrdə mədəniyyətimizin inkişafı üçün, zənnimcə yeni idarəetmə modeli mədəniyyət sahəsinə də şamil olunmalıdır. Çox təəssüf edirəm ki, hazırda teatr, konsert müəssisələrində idarəetmə mexanizmi sovet dövründəki kimi qalıb.

- Necə zənn edirsiniz, bu amili hansı addımları atmaqla mükəmməlləşdirmək olar?
- Fəxri titullar dövrümüzdə yalnız MDB ölkələrində qalıb. Fikrimcə, mədəniyyət xadimlərinə dövlət tərəfindən verilən Fəxri adların 1, 2, 3-cü dərəcəli Dövlət sənətçisi adı ilə kateqoriyalarla əvəz olunsa daha məqsədə uyğun olardı.

Eyni zamanda, il ərzində incəsənət xadimlərinə verilən mükafat və fərdi təqaüdlər cənab prezidentə təqdim edilməzdən öncə, xüsusi komissiyanın razılığı və imzası ilə təqdim olunmalıdır.

Elektron, eyni zamanda Azərbaycan klassik bəstəkarlarının əlyazmalarının qorunması məqsədi ilə Azərbaycan musiqi not arxivi yaradılmalıdır. İl ərzində müxtəlif kitabxanalarda şairlərin, dramaturqların adına həftələrin təşkil edilməsi də məqbul yenilik olardı.
Musiqi məktəbini fərqlənmə ilə bitirən şagirdlərin Milli konservatoriya, Bakı Musiqi Akademiyasına, Mədəniyyət və İncəsənət Universitetinə qəbuluna dəstək məqsədi ilə Təhsil Nazirliyi ilə qarşılıqlı memoromdumun bağlanması, musiqi məktəblərində elektron musiqi müasir fakultəsinin açılması da mədəniyyətimizin inkişafına xidmət edən addımlardan olardı.

Bu silsilədə əbədiyaşarlar layihəsinin keçirilməsi və layihə çərçivəsində hər həftə regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları ilə klassiklərin xatırlanması, zənnimcə klassiklərimizin təbliğinə xidmət edər.

“Bura Vətəndir layihəsi” Bu layihəni də regionlarla bağlı etmək olar. layihənin məqsədi milli adət-ənənələrimizin, unudulmuş qədim el sənətlərinin telekanallarla birgə mütəmadi olaraq təbliğinə xidmət edir.

- Bəs, sadaladığınız bəndlərdən əlavə növbəti mərhələdə daha hansı addımlar atmaq olar?

- Prodüser Mərkəzlərinin fəaliyyəti dövrümüzün ayrılmaz və vacib hissəsidir. “Bizi birləşdirən Mədəniyyət” layihəsi- mərkəzin əsas məqsədi yeni istedadların üzə çıxması, müasir təfəkkürlü, sağlam düşüncəli kreativ, 18-30 yaşda olan gəncləri bir yerə toplamaqdır. Gənc rəssamlar, heykəltəraşlar, dramaturqlar, musiqiçilər, bir sözlə, mədəniyyətlə məşğul olan istedadlı gəncləri ölkə daxilində və xaricində təbliğ etməkdir.

Məlumdur ki, bu il Akademik Opera və Balet Teatrının 100 illik yubileyidir. Bununla əlaqədar olaraq Akademik Opera və Balet Teatrının haqqında bədii sənədli filmin çəkilməsi, Azərbaycan opera inciləri telefestivalının keçirilməsi, Azərbaycan operası antologiyasının yazılması gözəl addım olardı.

Müasir Azərbaycanımızı əks etdirən zamanla ayaqlaşan yeni liberettoların sifarişi, eyni zamanda gənc bəstəkarlar bu işlərə cəlb olunmalıdır.

Ölkəmizdə mədəni irsin, mədəni qoruqların qorunması və təbliği ilə bağlı işçi qrup və komissiyası yaradılmalıdır. Mədəniyyət sahəsində çalışan incəsənət xadimlərinin tibbi sığortası, eyni zamanda, sağlamlıq məqsədi ilə idman klublarda məşqlərininin təşkil edilməsi arzuediləndir.

- Necə düşünürsünüz, 100 ildən çox tarixə dayanan Azərbaycan Teatrının inkişafı yönündə hansı addımlar atıla bilər?

- Bu mövzu da çox geniş şərh oluna bilər. Həm solist, həm də quruluş hissə müdiri kimi 12 ildən çox teatrda çalışmışam. Aktyorların maddi mənəvi qayğıları ilə bağlı onların problemlərinin həlli üçün ayda bir dəfə nazirliyin nümayəndəsi ilə brifinqlərin keçirilməsi vacib məsələlərdəndir. Həmçinin hər teatrın foyelərində teatrın keçmişni əks etdirən muzeylərin yaradılması məqsədəuyğun olardı.

Bu gün tamaşaçıları teatra cəlb etmək üçün teatr konsert müəssisələrində sovet dövründən qalan dekorasiyalar müasir tərtibatla əvəz olunmalıdır. Hər bir teatrda marketinq qrupu yaradılmalıdır.

Kukla sənətinin inkişafı məqsədi ilə müasir kuklalardan ibarət 3D effektlə müasir uşaqlarda maraq doğura biləcək tamaşalar qurulmalıdır.

Rəşid Behbudovun adını daşıyan teatra populyar, peşəkar estrada ifaçıları teatrın solisti kimi işə qəbul olunmalı və teatrda mütəmadi olaraq canlı orkestr ilə konsertlər təşkil olunmalıdır.

Klassik musiqimizin təbliği məqsədilə, düşünürəm ki, təkcə mədəniyyət kanalında deyil, digər telekanallarda da klassik musiqi xəzinəsi layihəsi həyata keçirilməsi də müsbət addım olar. Layihə çərçivəsində Akademik Filarmoniya dünya və Azərbaycan klassik ifaçıların televiziyalarla birgə mütəmadi olaraq konsertlərini təşkil etməlidir. Həmçinin dahi bəstəkar Üzeyir Hacıbəylidən başlayaraq klassik bəstəkarlarımızın əsərlərinin tarixdə qalması məqsədi ilə müasir texniki imkanlarla fond səs yazıları təşkil olunmalıdır.

Pandemiyadan sonra hər həftə Milli parkda turistlərin və şəhər sakinlərinin asudə vaxtlarının səmərəli keçirməsi məqsədi ilə simfonik orkestr və müxtəlif musiqi kollektivlərinin iştirakı ilə açıq konsertlərin təşkili də inkişafa xidmət edən addımlardan olardı.

Gənc Tamaşaçılar Teatrı gənc liberettoçulara müasir aktual əsərlərin sifarişini verməlidir.
Mədəniyyət xadimlərinə güzəştli ev şəraitinin yaxşılaşdırılması məqsədi ilə Mədəniyyət şəhərciyinin yaradılması arzuediləndir.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” kanalı ilə birgə Telefestival və müsabiqələrin təşkil olunmalıdır. Burada əsas məqsəd həm vizual baxımdan müasir çəkiliş və geniş kütləyə yüksək keyfiyyət təqdim etməkdir.

Eyni zamanda mədəniyyətimizin, musiqimizin daha da geniş miqyasda təbliği üçün beynəlxalq telekörpülər təşkil olunmalıdır.

Pandemiya zamanı Mədəniyyət Kanalının təşkilatçılığı ilə Azərbaycan Aşıqları layihəsi baş tutdu. Zənnimcə, Azərbaycan Aşıqları adlı ontologiyasının yaradılması və tele - müsabiqənin təşkili, qədim milli el sənətimizin təbliğinə xidmət edər.

Bundan başqa, Azərbaycan xalçaçılıq nümunələrinin təbliği məqsədi ilə müxtəlif vaxtlarda Xalça Festivallarının təşkil olunması - Qarabağ, Şəki, Naxçıvan, Bakı xalçalarının müzikl tamaşasının qurulması da maraqlı layihələrdən olardı.

- Bəs, Azərbaycan kinosunun inkişafı hansı addımlar nəticəsində inkişaf edə bilər?

- Azərbaycan kinosu zəngin, bədii, nümunəvi tarixə malikdir. Kinomuzun inkişafı məqsədi ilə “Azərbaycanfilm”in “Baku Media Mərkəzi”nə verilməsi zənnimcə daha məqsədəuyğun olardı.

- Rəssamlıq da necə?

- Müasir Azərbaycan rəssamlarının dünyada tanınması məqsədi ilə onların mütəmadi olaraq əsərlərinin xaricdə sərgilərdə nümayiş edilməsini təklif edirəm.

- Necə hesab edirsiniz, bizdə müəllif hüquqları necə qorunur?

- Azərbaycan musiqisinin müəllif hüquqlarının qorunması ilə əlaqədar sosial portal yaradılmalıdır. Bizim musiqimizin müəllif hüquqlarının qorunmalıdır.

Düşünürəm ki, Azərbaycan Milli Alətlər Mərkəzinin yaradılması, eyni zamanda Azərbaycan Uşaq İncəsənət Mərkəzinin yaradılması da mədəniyyətimizin köklü şəkildə inkişafına xidmət edən addımlardan olardı.

- Sizcə sadaladığınız bu bəndlərin icrası Azərbaycan mədəniyyətinin köklü şəkildə inkişafına xidmət göstərə bilərmi?

- Əlbəttə, şübhəsiz. Yuxarıda sadaladığım təkliflər arzuediləndir. Ümid edirəm ki, bu təkliflərdən hər hansı biri mədəniyyətimiz üçün faydalı olar. “Mədəniyyət” kanalının direktoru kimi və ən azı Azərbaycan mədəniyyətinə xidmət edən bir vətəndaş kimi bütün bunları açıqlamağı özümə borc bilirəm. Düşünürəm ki, yaxın gələcəkdə mədəniyyət sahəsində sadaladığım addımlar atılacaq. Kim tərəfdən edilməsinin heç bir fərqi yoxdur. Əsas məsələ Azərbaycan mədəniyyətinin işıqlı sabahına xidmət etməkdir.

Azvision.az


Teqlər: Mədəniyyət   Ramil-Qasımov  





Xəbər lenti