Prezidentin tənqidi nəticə verib – TƏHLİL

Prezidentin tənqidi nəticə verib – TƏHLİL
  15 Yanvar 2014    Oxunub:6794
Neft-qaz sektorunda hasilatın artması dövlət başçısının bir il əvvəlki müşavirədə dedikləri ilə bağlıdır

Ötən il ölkədə əldə olunan iqtisadi nəticələr uğurlu olub. Prezidentin sədrliyilə Nazirlər Kabinetinin (NK) keçən ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə dair yanvarın 9-da keçirilən iclasında ümumi daxili məhsul (ÜDM) istehsalının 5,8 % artaraq 57 milyard manata çatması inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrlə müqayisədə böyük nəticə sayıldı.

Artıq bir neçə ildir ki, həmin ölkələrdə ÜDM-in cüzi də olsa artması böyük nəticə hesab edilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2012-ci ildə ölkəmizdə ÜDM istehsalı 2,2, 2011-ci ildə isə 0,1 % artmışdı. 2011-ci ildə ÜDM istehsalının cəmi 0,1% artması qeyri-neft sektorunun hesabına təmin edildiyindən əvvəlki illərdə onun ardıcıl enməsinə rəğmən, müsbət qiymətləndirilir və dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarında hökm sürən böhran fonunda yaxşı nəticə sayılır.

2012-ci ildə də ÜDM istehsalının 2,2% artması qeyri-neft sektorun hesabına əldə edilmişdi. 2013-cü ilin nəticəsinə görə sözügedən göstərici üzrə 5,8% artım da, ölkə iqtisadiyyatının qeyri-neft bölməsində 9,8% yüksəlişin əldə olunması sayəsində baş tutmuşdu ki, qeyri-neftdə bu cür artım 2020-ci ilə qədər Azərbaycanda ÜDM istehsalı həcmini 2 dəfə yüksəltmək vəzifəsinə tam cavab verdiyindən qənaətbəxş sayılır.

Ancaq neft amilini qətiyyən nəzərdən qaçırmaq olmaz. 2013-cü ildə əvvəlki illə müqayisədə ölkədə neft və qaz hasilatı əvvəlki ildəkinə, o cümlədən rəsmi proqnoza rəğmən artıq əldə olunub. Halbuki, 2012-ci ildə neft hasilatı 43,0 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 17,2 milyard kubmetr təşkil etməklə qaz 5,4 % artdığı halda, neft 5,3 % azalmışdı. 2012-ci ildə neft üzrə proqnoz 46 milyon tona bərabər idi.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) rəhbərliyinin 2012-ci ilin yekunlarına dair verdiyi məlumata əsasən, 2012-ci ildə ölkədə 43,9 milyon ton neft, 27,9 milyard kubmetr qaz hasil olunduğu bildirildi ki, bu da proqnozun əksinə olaraq, həmin ilin sonuna yaxın irəli sürülən gözləntidən birinci üzrə 1 milyon ton, ikinciyə görə 0,8 milyard kubmetr çox idi.

2013-cü il üçün isə 43,2 milyon ton neft, 28,8 milyard kubmetr həcmində təbii qaz proqnozlaşdırılsa da faktiki olaraq Azərbaycanda 43,5 milyon ton neft, 29,5 milyard kubmetr qaz hasil edilmişdi. Halbuki, sözügedən il üçün proqnozların özünü doğrultmayacağı və bəzi müşahidəçilərə görə 2013-cü ildə maksimum 40-41 milyon ton neft hasil olunmalı olduğu zənn edilirdi.

Bəs, hasilat hansı səbəbdən artıb?

2010-cu ildə ölkəmizdə 50795,5 milyon ton neft hasil olunmuşdu ki, bu, ən yüksək nəticə sayılırdı. Əvvəlki ildə - 2009-ci ildə isə bu rəqəm 50419,3 milyon ton təşkil etmişdi. 2011-ci ildə isə birdən-birə 5170,1 milyon ton azalma baş verərək, hasilat 45625,4 milyon ton təşkil etdi. Sual olunur ki, bütün bunlara rəğmən, ölkənin neft-qaz sektorunda keçən il nə baş verib?

Bunun üçün Prezidentin sədrliyi ilə NK-nın ölkəmizdə 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə dair keçən ilin yanvarın 15-də keçirilən iclasını xatırlamaq yerinə düşər. Dövlət başçısı həmin iclasda qeyd etdi ki, əvvəlki toplantı zamanı ölkədə neftin hasilatı ilə bağlı xarici şirkətlərin ünvanına söylədiyi tənqidi fikirlər anlayışla qarşılanmış və qısa müddət ərzində görüləcək işlər nəticəsində 2013-cü ildə neft hasilatı sabitləşəcək.

Xatırladaq ki, 2012-ci ilin oktyabrında NK-nın iclasında dövlət başçısı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin buraxdığı kobud səhvlər nəticəsində “Azəri” və “Çıraq” yataqlarında neft hasilatının kəskin şəkildə aşağı düşməyə başladığını bəyan etmişdi. Prezident o vaxt bunu bildirməsəydi 2012-ci ilin yekununa hasilat bir az da aşağı səviyyədə əldə olunacaqdı.

Dövlət başçsının hökumətin keçən ilin yanvar ayındakı iclasındakı çıxışı BP şirkəti ilə aparılan danışıqların uğurla nəticələndiyini və 2013-cü ildə hasilatın azalması prosesinin həqiqətən dayanacağına işarə idi. Çünki Azərbaycanın neft-qaz sektorunda hər hansı yatağın istismar müddətinin sona yetdiyi barədə danışmaq gülünc olardı. Hasilatı sabit saxlamaq üçün əlavə investisiyalara ehtiyac var idi ki, bunun vasitəsilə ARDNŞ və "BP-Azerbaijan" əlavə qazma işləri aparmaqla yanaşı, mövcud quyuları da yenidən işləməli idilər.

Bu fonda ARDNŞ prezidenti Rövnəq Abdullayevin keçən ilin mart ayında ölkədə neft hasilatının artacağını bildirməsi də çoxlarının təəccübünə səbəb oldu. “Biz, dəniz və quru yataqlarından neft istehsalının artıq stabilləşməsi yox, artımı üzrə proqramı həyata keçiririk”, – deyən R. Abdullayev, bunun dənizdə Neft Daşları və 28 may, o cümlədən Abşeron, Nərimanov, həmçinin qurudakı mövcud neft yataqlarından hasilatın artması hesabına həyata keçiriləcəyini söyləmişdi. “Düşünürük ki, neft istehsalını 2015-ci ilə qədər 2 milyon tona qədər artırmaq imkanı yaranacaq” - deyə, ARDNŞ prezidenti qeyd etmişdi.

R. Abdullayevin qeyd olunan açıqlamasında söhbət dəniz və quru yataqlarından neft istehsalının stabilləşməsindən deyil, artımı üzrə proqramların həyata keçiriləcəyindən getməsi bilavasitə ARDNŞ-in bütün növ vəsait, avadanlıq və texnologiyaları məhz bu məqsədə yönəltdiyindən xəbər verirdi.

Keçən ilin yekunlarına dair şirkət rəhbərliyinin hesabatından da bəlli oldu ki, 2013-cü ildə işlənməkdə olan yataqların bərpası ilə yanaşı, yenilərinin də aşkarlanması istiqamətində böyük səylər həyata keçirilib. Doğrudur, bütün bunların nəticəsində hasilat 2015-ci ilə qədər ola bilsin, 2 milyon ton artmasın. 2015-ci ildən sonra Azərbaycanda neft hasilatının azalmağa başlayacağı rəsmi olaraq da etiraf edilir ki, hökumətin 2017-ci ilə dair parlamentə təqdim etdiyi proqnozlara əsasən hasilat 39,7 milyon tona qədər enəcək.

Real olaraq isə bu rəqəm daha az təşkil edə bilər. Odur ki, başlıca hədəf ölkənin neft-qaz sektorunda keçən ilə qədər müşahidə edilən enişin qarşısını qarşıdakı 4-5 il ərzində də almaqdan ibarət olmalıdır. Yalnız bu şəraitdə, ölkə iqtisadiyyatının qeyri-neft sektorundakı artıma söykənən ÜDM istehsalının yüksəliş tempi davamlı olaraq əhəmiyyətli xarakter daşıya bilər ki, bunun üçün isə neft-qaz sektorunda keçən ilki bütün səylər 2018-ci ilə qədər davam etdirilməlidir.



Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti