İmtahanlarla bağlı dəyişiklik edildi

 İmtahanlarla bağlı dəyişiklik edildi
  20 İyun 2020    Oxunub:4367
Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə məlumat yayıb.
Azvision.az -a daxil olan məlumata görə, DİM tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə 24 və 25 iyun tarixlərində keçirilməsi nəzərdə tutulan buraxılış (qəbul) imtahanlarının rayon və şəhərlər üzrə siyahısında dəyişiklik edilib.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq.

Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq DİM tərəfindən 24 və 25 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanların şəhər və rayonlar üzrə siyahısında dəyişiklik edilib və sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanlar keçirilməyəcək. Qeyd olunan şəhər və rayonlarda imtahanlar sərtləşdirilmiş karantin rejimi başa çatdıqdan sonra təşkil olunacaq.

24 və 25 iyun tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə aşağıda – yeni qrafikdə tanış olmaq mümkündür.

Şagirdlər (abituriyentlər) imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər.

Ciddi karantin rejimi tətbiq olunmayan digər şəhər və rayonlar üzrə imtahanların (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq 9 illik və 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər buraxılış imtahanlarında iştirak etməyə bilərlər.

Bu imtahanlarda iştirak etməyən 9 və 11-ci sinif məzunları üçün əlavə qeydiyyat tələb olunmadan sentyabr ayında yenidən buraxılış imtahanları təşkil olunacaq və həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.

Qeydlər:

- Həmişə olduğu kimi cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

- Bərdə rayonunda yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin ümumi sayı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, hissələrlə adlandırılıb.

- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti