Xalq şairi qaydalara əməl etməyənləri qınadı: “Hamı özünü ağıllı sayır”

 Xalq şairi qaydalara əməl etməyənləri qınadı:  “Hamı özünü ağıllı sayır”
  23 İyun 2020    Oxunub:9881
"Gözəgörünməz düşmənlə mübarizə aparırıq. Onun haradan və necə zərbə vuracağı bəlli deyil. Silahımız isə maska, əlcək, spirt və sosial məsafədir".

Bunu Azvision.az -a Xalq şairi Nəriman Həsənzadə deyib.
Tanınmış şair bildirib ki, karantin günlərini evdə yazıb-yaratmaqla keçirir: "Çox darıxıram. Həyat tərzimiz pozulub. Bəşər tarixində indiyə kimi belə şey olmayıb. Bütün günü evdə otururam, heç yerə getmirəm. Başqa yolum yoxdur, 89 yaşım var, istənilən virus mənim üçün risk deməkdir.

Karantin rejiminin tətbiqi olduqca yaxşıdır, amma buna gərək riayət edilsin. Maska, əlcək virusla mübarizədə silahdır. Əməl etmək lazımdır. Gözə görünməyən düşmənlə üz-üzə qalmışıq. Hansı tərəfdən necə zərbə vuracağı bəlli deyil. Koronavirus bəşəriyyətə böyük bir xəyanətdir.

Yeni poemam çıxıb. Bütün günü evdə oxuyuram, yazıram, amma əhvalım pisdir. Televizorda hər gün neçə nəfərin yoluxduğunu, öldüyünü görəndə qanım qaralır. Bu insanların günahı nədir?! Təkcə özümü düşünmürəm axı, dost var, tanış var. Həkimlər də yoluxub. Əsgərlərimiz üçün narahatam".

Xalq şairi əlavə edib ki, hər bir vətəndaş öz məsuliyyətini dərk edib, qaydalara riayət etməlidir.

"İndi elə məqamdır ki, "özünüzü qoruyun" deyənin özü də qorunmalıdır. Bu virus çox namərddir. İnsanlar başa salmaq mümkün deyil. Bir də görürsən ki, hərə öz kefindədir. Heç kimə söz demək, inandırmaq olmur, hamı deyir ki, mən ağıllıyam".

N.Həsənzadə evdə darıxsa da dostları, yaxınları ilə telefonla əlaqə saxladığını bildirib.

"Canlı görüşmək istəyirəm, ancaq məcbur qalıb telefonla danışıram. Tanıdığım adamlar arasında yoluxanlar var, onlara kömək edə bilmirik. Gücümuz duaya çatır. Virusla qəribə müharibə edirik. Məkkə yarandığı gündən bu günə qədər boşalmamışdı. Hər yer boş qalıb. Ancaq dua edirəm".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: NərimanHəsənzadə   Xalqşairi  





Xəbər lenti