“Həm özümü, həm də başqalarını xilas edirəm” - Tanınmış aktrisa

 “Həm özümü, həm də başqalarını xilas edirəm” -  Tanınmış aktrisa
  24 İyun 2020    Oxunub:11752
"Qaydalara nə qədər çox riayət etsək, virusdan qurtuluşumuz bir o qədər yaxın olar".
Bunu Azvision.az -a Əməkdar artist Dilarə Əliyeva deyib. Aktrisa bildirib ki, karantin günlərində evdən çıxmamağa çalışır və boş vaxtlarını ailəsinə sərf edir.

"Virusla bağlı qaydalara əməl etməyə çalışıram. Zərurət olmayanda çölə çıxmıram. Spirt, maska və əlcəkdən istifadə edirəm. Heç kimlə görüşmürəm. Filmlərlə bağlı mövsümi çəkilişlər bitib, insanlarla yaxından təmasda olmaq məcburiyyətim yoxdur. Çox gərgin iş qrafikində çalışırdım. Hər bir iş üçün böyük məsuliyyətim var idi. İndi evdə onun yorğunluğunu çıxarıram. Qızımla mahnılara qulaq asırıq, rəqs edirik, tort bişiririk, filmlərə baxırıq. Bu yolla virusla bağlı stressi atırıq, həm də yorğunluğu çıxarırıq. Bütün bunlar yaxşıdır, amma normal həyat üçün çox darıxıram. Buna görə də bir vətəndaş kimi üzərimə düşən öhdəliyi yerinə yetirirəm, özümü qoruyuram. Mənim qorunmağım, başqalarının qorunması deməkdir. Deməli, özümlə bərabər bir neçə nəfəri də yoluxmaqdan xilas edirəm. Nə qədər qaydalara riayət etsək, qurtuluşumuz yaxın olar.

Hər şey gözümün qabağında baş verir. Tanışlarımdan kiminin atası, xalası, baldızı yoluxub. Bu cür xəstələr hər birimiz üçün xəbərdarlıq olmalıdır. Onlar üçün narahatıq, tez-tez əlaqə saxlayırıq, vəziyyətlərini öyrənirik. Dualar edirəm. İstəmərəm heç kim yaxınları ilə belə sınağa çəkilsin", - deyə tanınmış aktrisa vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Aktrisa   DilarəƏliyeva  





Xəbər lenti