Qızdırması olanlar bugünkü imtahana buraxılmadı

   Qızdırması olanlar bugünkü imtahana buraxılmadı
  24 İyun 2020    Oxunub:3341
Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.
DİM-dən Azvision.az -a verilən məlumata görə, imtahanlar Qazax, Xızı, Zaqatala, Qax, Ucar, İsmayıllı, Sabirabad, Siyəzən, Xaçmazda olmaqla, ümumilikdə 9 şəhər və rayonda keçirilib.

İmtahanların təşkil edilməsi üçün 43 imtahan binası, 696 imtahan zalı, 43 ümumi imtahan rəhbəri, 112 imtahan rəhbəri, 904 nəzarətçi – müəllim, 86 buraxılış rejimi əməkdaşı, 43 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən 2 şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İyunun 25-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olanacaq.

11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti