İran-Qərb yaxınlaşmasının doğurduğu təhlükələr – TƏHLİL

İran-Qərb yaxınlaşmasının doğurduğu təhlükələr – TƏHLİL
  16 Yanvar 2014    Oxunub:2758
Qərbin İranla bağlı mövqeyində nəzərəçarpacaq yumşalma hiss olunmaqdadır. Bunu keçən həftə başa çatmış İranın nüvə proqramı ilə bağlı aparılan danışıqların nəticələri də sübut edir. "The Wall Street Journal" dərgisinin yazdığına görə, qərb dövlətləri ilə İran arasında aralıq razılaşması ilə bağlı başa çatan danışıqlar yarım il ərzində İran ətrafında gərginliyin azalmasına gətirib çıxaracaq.

Cenevrədə İranın və Avropa Birliyinin xarici işlər nazirlərinin müavinləri səviyyəsində aparılan danışıqların nəticəsinə əsasən Tehranla 6 ay müddətinə hesablanmış aralıq sazişinin imzalanması planlaşdırılır. Sazişin məğzi ondan ibarətdir ki, İran atom energetikası sahəsində öz fəaliyyətini azaltmaq istiqamətində konkret görəcəyi tədbirləri açıqlaqlayacaq, bunun əvəzində isə Avropa Birliyi ilə ABŞ çoxdandır Tehrana qarşı tətbiq etdikləri iqtisadi sanksiyaları yumşaldacaqlar.

Eyni zamanda aralıq sazişində 6 ay müddət bitdikdən sonra məsələ ilə bağlı dolğun müqavilənin imzalanması gözlənilir ki, həmin müqavilədə İranın atom silahından əl çəkməsi əvəzində Qərbin sanksiyaları yumşaltması konkret vaxtlarla göstəriləcək. Aralıq sazişinin bu ayın sonunda imzalanması planlaşdırılır və artıq AB-yə üzv olan dövlətlərin xarici işlər nazirləri İrana qarşı ləğv olunması mümkün olan sanksiyaların müzakirəsinə başlayıblar.

Amerikalı diplomatlar bildirir ki, Qərbi ən çox narahat edən məqam İranın uranın zənginləşdirilməsi ilə bağlı işləri davam etdirməsidir. Tehran məhz bu yolla gələcəkdə atom silahına sahib ola bilər.

Məsələdə diqqət çəkən məqam odur ki, İran tərəfi uranın zənginləşdirilməsi ilə bağlı işləri davam etdirəcəklərini gizlətmir və bunu açıq-aşkar bəyan edir. Buna baxmayaraq, Qərbin İranla bağlı mövqeyində yumşalmanın səbəbi maraq doğurur.
Ehtimal etmək olar ki, Amerika və Qərb dövlətləri Suriyadakı müharibənin uzanması və Əsədin hakimiyyətinin devrilməməsi səbəbiylə İrana qarşı aktiv əməliyyatlar həyata keçirə və təzyiq göstərə bilmədikləri üçün müəyyən müddətə Tehranla münasibətlərdə gərginliyi azaltmaq qərarına gəliblər.

Qeyd etmək lazımdır ki, İranın nüvə proqramı ilə bağlı “5+1” formatlı danışıqlarda Amerika, Britaniya, Fransa və Almaniya ilə yanaşı Rusiya ilə Çin də iştirak edir. Rusiya ilə Çin bu məsələdə təbii ki, İranın mövqeyini dəstəkləyirlər və Qərbin yumşalması onların da qərbə münasibətdə yumşalmasına gətirib çıxara bilər. Belə olan halda, İran ilə Rusiyanın Suriya məsələsində də güzəştə getməsi mümkündür. Ən azından Qərb İrana qarşı sanksiyaların ləğvi müqabilində Rusiya və İrandan Əsəd ordusuna dəstək göstərməməyi tələb edə bilər. Rusiya ilə İran isə üzdə buna razı olub, ən azından Əsəd ordusuna açıq-aşkar dəstəktən vaz keçə bilərlər.

Paralel olaraq Qərbin İranla bağlı daxildən parçalama planına güc verdiyini də ehtimal etmək olar. Bu dövlətə xaricdən təzyiqin göstərilməsi gözlənilənin əksinə olaraq əhalinin bütün narazılıqları unudaraq dini liderin ətrafında daha sıx birləşdikləri müşahidə olunmuşdur. Odur ki, İran daxilində dini yaxud etnik zəmində daxili münaqişənin alovlandırılması bu ölkəni zəiflətmək üçün daha effektiv hesab oluna bilər.

Məsələn İran parlamenində kürd əyalətinin yaradılması və azərbaycanlı deputatların buna etiraz etməsi daxili qarşıdurmaların başlanması üçün qığılcım rolunu oynaya bilər. İrandakı kürdlərin muxtariyyət davasına çoxdandır istifadəsiz qalmış və Türkiyədən çıxan PKK-çı terrorçular da dəstək verə bilər.

İranda yaşayan azərbaycanlıların bu tarixi şansdan yararlanaraq öz muxtariyyətləri uğrunda mübarizəyə qoşulacaqları istisna edilməməlidir. İran dövləti üçün problem yarada biləcək mühüm amillərdən biri də, hakimiyyətdən narazı qalan, keçmiş vəzifə və səlahiyyət sahibləridir ki, onların da muxtariyyət tələb edən qruplardan hər hansı birinə gizli yaxud aşkar dəstək verməsi mümkündür.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti