“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər

 “Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər
  02 İyul 2020    Oxunub:3714
İyulun 6-dan “Virtual məktəb”də məktəbdənkənar dərnəklərin fəaliyyətinə start veriləcək. Məqsəd şagirdlərin yay aylarını səmərəli və maraqlı keçirməsindən ibarətdir.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, layihə çərçivəsində şagirdlər maraqlarına uyğun olaraq “Bədii qiraət”, “Şahmat”, “Xalq çalğı alətləri”, “Rəqs”, “Toxunma əl işləri”, “Bacarıqlı əllər” kimi 6 fərqli istiqamət üzrə dərnəklərə qoşula biləcəklər.

Hər gün saat 15:00-da keçiriləcək tədbirlər barədə ətraflı məlumat “Virtual məktəb”in ümumi şagird qruplarında həftəlik olaraq qeyd olunacaq. Şagirdlər tədbirin linkinə keçid etməklə qeydiyyatdan keçmədən canlı görüşdə iştirak edə biləcəklər. Ödənişsiz formada təşkil olunacaq bu dərnək xidmətlərindən Azərbaycan və rus bölmələri üzrə bütün şagirdlər faydalana bilərlər. Dərslərdə real vaxt rejimində iştirak edə bilməyən şagirdlər üçün dərslərin video yazısı “Microsoft Stream”in “Virtual məktəb” kanalında yerləşdiriləcək və dərsləri təkrar izləmək imkanı yaradılacaq.

Qeyd edək ki, yuxarıda adları qeyd olunan dərnəklərlə yanaşı “Virtual məktəb”də şagirdlər üçün yay tətili müddəti ərzində “Minecraft” oyununun tədris versiyası üzrə oyunlar, robot texnologiyaları, proqramlaşdırma dilləri üzrə kurslar davam etdiriləcək. Həmçinin yaxın müddətdə platformada riyazi təfəkkürün inkişafı üzrə onlayn yarışmalara start verilməsi də nəzərdə tutulur.

Azvision.az


Teqlər: Virtual-məktəb  





Xəbər lenti