Nazirlik: Bəzi dərsliklər yenidən hazırlanıb

  Nazirlik:  Bəzi dərsliklər yenidən hazırlanıb
  02 İyul 2020    Oxunub:3383
2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 milyon 233 min 214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulur.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, ümumi təhsil müəssisələrinin I, V və IX sinif şagirdləri üçün bəzi dərsliklər yenidən tərtib edilib, bəziləri isə təkmilləşdirilib.

Həmçinin növbəti tədris ilində birinci siniflər üçün Azərbaycan dili (tədris dili) və riyaziyyat fənləri üzrə dərsliklər iki hissəli nəşr ediləcək. Dərsliyin I hissəsi tədris ilinin birinci, II hissəsi isə ikinci yarısını əhatə edəcək.

I siniflər üçün musiqi və texnologiya, V siniflər üçün fiziki tərbiyə, rus dili (ikinci xarici dil) və ingilis dili (ikinci xarici dil) dərslikləri ilk dəfədir tərtib edilib. Əvvəllər bu dərsliklər mövcud deyildi və fənnin tədrisi müəllim üçün hazırlanan metodik vəsaitlər vasitəsilə həyata keçirilirdi.

I, V və IX siniflər üçün xarici dil fənni üzrə dərsliklərə müvafiq audio fayllar əlavə edilib. Audio fayllar həmçinin I sinif musiqi, V sinif “Azərbaycan dili (dövlət dili)” dərslikləri üçün də hazırlanıb.

Bu ildən etibarən I sinifdə təhsil alanlar üçün hazırlanan bütün dərsliklərin istifadə müddəti də dəyişdirilir. Belə ki, əvvəl bu dərsliklər üçün istifadəyə yararlılıq müddəti dörd tədris ili təyin olunurdusa, bu ildən etibarən bir tədris ili təyin olunacaq. Bu, həm də bəzi tapşırıqların şagirdlər tərəfindən dərslik üzərində həll edilməklə yerinə yetirilməsinə imkan yaradacaq.

Azvision.az



Teqlər: Dərslik  





Xəbər lenti