E-imza istifadəçilərinin sayı 20% artıb

 E-imza istifadəçilərinin sayı 20% artıb
  02 İyul 2020    Oxunub:3361
Koronavirus pandemiyası dövründə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən təqdim edilən elektron imzaya tələbat artıb.
Nazirlikdən Azvision.az -a bildirilib ki, bu ilin yanvar-iyun aylarında vətəndaşlara 1244, sahibkarlara 2144, hüquqi şəxslərə isə 1666 “e-imza” sertifikatı verilib. Ötən ilin eyni dövrü ilə müqayisədə təqdim olunan sertifikatların sayında 20 faiz artım qeydə alınıb. Elektron imza əldə etmək üçün müraciət edən dövlət qurumlarına isə 3375 “e-imza” sertifikatı verilib. Ümumilikdə cari ilin ilk yarısında 8429 sertifikat təqdim edilib. Bu müddət ərzində elektron imza ilə aparılan əməliyyatların sayı isə 6 milyondan (6 milyon 102 min 250) çox olub.

“E-imza”nı əldə etmək istəyən dövlət qurumları, sahibkarlar, hüquqi və fiziki şəxslər “e-imza.az” saytına daxil olmaqla onlayn sifariş verə bilirlər.

Xatırladaq ki, elektron imza rəqəmsal mühitdə hazırlanan smart-kart və USB token formasında istifadə oluna bilən, elektron məntiqə uyğun işləyən şəxsiyyəti müəyyənləşdirmə və imzalama vasitəsidir. Təqlid edilməsi mümkün olmayan bu imza 3 il müddətində etibarlıdır və onun dəyişdirilməsi mümkünsüzdür. Elektron imza ilə vergi, gömrük, maliyyə, təhsil və bir çox digər sahələrdə müxtəlif xidmətlərdən faydalanmaq olur. Elektron vergi bəyannamələrinin təqdim olunması, gömrükdə malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqavilələrinə dair bildirişlərin elektron qeydiyyatı, internet və mobil bankçılıq kimi vacib elektron xidmətlər “e-imza” vasitəsilə icra edilir. Bir sözlə, “e-imza” sertifikatı ilə bütün elektron xidmətlərdən maneəsiz və təhlükəsiz istifadə etmək mümkündür. Dövlət və qeyri-dövlət qurumları, vətəndaşlar bu xidmətdən yararlanaraq biri-birilərinə imzalanan sənədləri göndərə bilirlər.

Azvision.az


Teqlər: Nazirlik  





Xəbər lenti