Sənayenin inkişafı üçün nə lazımdır? – TƏHLİL

Sənayenin inkişafı üçün nə lazımdır? – TƏHLİL
  17 Yanvar 2014    Oxunub:2720
Cari ilin ölkəmizdə “Sənaye ili” elan ediləcəyi gözlənilən idi. Çünki artıq bir neçə ildir ölkə iqtisadiyyatda qeyri-neft sektorunun inkişafı prioritet sayılır. Bu da ondan irəli gəlir ki, ümumi daxili məhsul (ÜDM) istehsalında neft-qaz sektorunun dominant rolu ötən 10 illiyin ortalarında qalmışdır. Və neftdənkənar sahələr inkişaf etməsə, ölkədə ÜDM istehsalı sıfırda dayana bilər.

Bu səbəbdən, hələ 2011-ci ilin oktyabrında Nazirlər Kabinetinin (NK) 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına dair iclasında dövlət başçısı da bildirdi ki, növbəti 10 ildə ÜDM ən azı 2 dəfə artmalıdır. “Biz bunu qeyri-neft sektorunun inkişafı hesabına təmin etməliyik. Çünki neft sənayesində hazırkı istehsal bizi qane edir” – deyə, Prezident qeyd etmişdi.

Statistikaya əsasən, Azərbaycanda ən yüksək ÜDM istehsalı 8 il öncə – 34,5 % səviyyə ilə 2006-cı ildə əldə olunmuşdu ki, sonrakı illər ərzində bu rəqəm 2007-ci ildə 25, 2008-ci ildə 10,8 % olmaqla enmiş, 2009-cu ildə isə 9,3 % təşkil etməklə birrəqəmli səviyyədə dayanmışdı. 2010-cu ildə isə 5 % nəticə əldə edildi. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, 2011-ci ildə ölkəmizdə ÜDM istehsalı 0,1, 2012-ci ildə isə 2,2 % artıb. Keçən il isə məlum olduğu kimi 5,8 % nəticə əldə olundu.

2011-ci ildə ÜDM istehsalı qeyri-neft sektorunun hesabına təmin edildiyindən, onun 0,1 % artması müsbət qiymətləndirildi və dünya iqtisadiyyatında hökm sürən böhran fonunda yaxşı nəticə hesab edildi. Həmin ildə ölkə iqtisadiyyatının qeyri-neft sektorunda 9,4% artm əldə edilmişdi. Lakin Prezidentin qarşıya qoyduğu vəzifəyə - ölkə iqtisadiyyatında qarşıdakı 10 il ərzində ÜDM istehsalını məhz qeyri-neft sektorun hesabına 2 dəfə artırmaq tələbinə uyğun olaraq, həmin sektorda hər il azı 10-12% artım əldə olunmalı idi ki, 2011-ci ilin yekununa, ölkə iqtisadiyyatının qeyri-neft sektorunda əldə olunan 9,4 % artm sonrakı illərin hər biri ərzində nəinki 1% də olsun aşağı düşməməli, bir az da artıq səviyyədə təkrar olunmalı idi. Doğrudur, sonradan 7-8 % nəticənin də kifayət edəcəyi vurğulandı.

Sözümüz bunda deyil. Qeyri-neft sektoru dedikdə təkcə rabitə, ticarət, turizm və otelçilk, ictimai iaşə və sair kimi xidmət sahələri deyil, sənaye, xüsusən də onun yüngül və yeyinti sferaları, həmçinin kənd təsərrüfatını nəzərə almaq gərəkir. Ötən şərhlərimizdə də yazmışıq ki, ölkədə kiçik və orta sahibkarlığın inkişaf səviyyəsi də iqtisadiyyatın adı çəkilən sahələrində istehsal olunan məhsulların həcmi, çeşidi, keyfiyyəti və rəqabətqabiliyyətliyi ilə ölçülməlidir.

Odur ki, hökumətin qeyri-neft sektorunda getdikcə daha çox sənayeyə diqqət yetirəcəyi və onun inkişafını önə çəkəcəyi bəlli idi. Keçən ilin oktyabrın 22-də Prezidentin sərəncamı ilə dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin əsasında İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması da deyilənə sübutdur.

Ancaq bunlar başlanğıcdır. Sənaye elə bir sahədir ki, strateji yanaşma tələb edir və sözügedən sahə investisiya tutumlu olmaqla bahəm, onu inkişaf etdirmədən öncə konkret istiqamətlər müəyyənləşdirməyi tələb edir. Çünki heç bir ölkənin iqtisadiyyatı əlahiddə inkişaf edə bilməz və elə növ məsullar vardır ki, biz, istəsək də istehsal edə bilmərik. Dəfələrlə yazdığımız kimi, dünya ölkələri iqtisadi cəhətdən xammal və istehsalçı ölkələrə bölündüklərindən təkcə bir amilə diqqət yetirmək kifayətdir ki, dünya bazarlarında neftin qiyməti artarkən bundan həmişə onu ixrac edən ölkələrdən çox alıcılar xeyir götürür. O səbəbdən ki, neft alan ölkələrin sənaye də daxil, bütün növ istehlak malları daha yaxşı realizə olunduğu halda əks tərəfə məxsus ölkələrdə hasiledicidən kənar demək olar, bütün sahələrdə istehsal sanki mənasız prosesə çevrilir. Ona görə ki, yüksək məbləğdə valyuta gəlirləri yeni və müasir texnologiyaların satın alınaraq gətirilməsini asanlaşdırdığından idxala geniş meydan açılır.

Azərbaycan üçün isə real vəziyyət həm də ona görə əlverişlidir ki, neftdən gələn gəlirlərimiz azalır. Və bu da qeyri-neftin aparıcı sahəsi olan sənayenin və ona məxsus bir çox sahələrdə müvafiq məhsul istehsalının yaradılması və inkişafını zərurətə çevirir.

Ancaq sual olunur ki, məhz hansı istiqamətlər üzrə? Ölkəmizdə daha çox hansı növ sənaye məhsulları istehsal etmək mümkündür ki, sözügedən sahə də əsasən həmin istiqamətlər üzrə inkişaf etsin?

Prezidentin müvafiq sərəncamında da qeyd edilir ki, son 10 ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmışdır. Bu müddət ərzində rəqabətqabiliyyətli sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilmiş, yeni iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Hazırkı mərhələdə isə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruri sayılır.

Prezidentin sədrliyi ilə NK-nın bu ilin yanvarın 9-da keçirilən iclasında da qeyd edildi ki, sənaye istehsalının artırılması ilə bağlı texnoparkların yaradılması xüsusi əhəmiyyət kəsb edir. Və bu istiqamətdə artıq, nəticələr də var. Belə ki, artıq, Sumqayıt Texnoparkı fəaliyyət göstərir və yeni Kimya Texnologiya Parkı da işə düşmək üzrədir. O cümlədən, Mingəçevir Texnoparkın yaradılması da nəzərdə tutulur ki, həmçinin, Balaxanı Texnoparkın da yaradılması prosesi gedir. Bütün bu istiqamətlərdə cari ildə çox ciddi addımlar atılacaq.

2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə də bağlı ciddi işlər görüləcəkdir ki, bu da onun inkişafı üçün Azərbaycanda kifayət qədər xammal və təbii resurslar olması ilə əlaqədardır. “Müasir metallurgiya kombinatının tikintisi əlbəttə ki, çox böyük bir nailiyyət olacaqdır. Hesab edirəm ki, bu il bu sahəyə xüsusi diqqət göstərilməlidir” – deyə, dövlət başçısı vurğulayıb.

Bütün bunlara rəğmən, məsələyə yenə dəqiq və kompleks yanaşmaq tələb olunur. Belə ki, bu da bəzi amilləri indidən nəzərə almağı vacib sayır. Məsələn, əvvəla sənayenin inkişafına, xüsusən də onun maşınqayırma ilə metallurgiya kimi ağır sahələrində müxtəlif növ məhsulların istehsalının təşkili və genişləndirilməsinə ölkənin neft-qaz sektorunun tələbləri çərçivəsindən kənarda yanaşmaq olmaz. Biz, hələ tikinti və quraşdırma sahəsində daxili bazarın yaratdığı tələbləri demirik.

İkincisi, sənayenin yüngül və yeyinti sahələrinin inkişafını kənd təsərrüfatı məhsullarının istehsalı həcmindən və ümumiyyətlə, aqrar sektorun inkişafından kənarda nəzərdə tutmaq olmaz: neft məhsullarından kənarda sənayenin bütün növ emaledici sahələri məhz kənd təsərrüfatının inkişafına bağlıdır.

DSK-nın məlumatına əsasən, keçən ilin yanvar-noyabr ayları ərzində ölkədə sənaye sahəsində istehsal olunan məhsul həcminin 74,2 %-i və ya 22,8 milyard manatı mədənçıxarma bölməsində, 20,1 %-i və yaxud 6,2 milyard manatı emal bölməsində, 5,1 %-i və ya 1,6 milyard manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 %-i və ya 199,9 milyon manatı isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur ki, söhbət əgər, sənayenin inkişafından gedirsə, ona aid ümumi məhsul istehsalı həcmində emal bölməsinin payı ən azı 30-35 %-ə çatdırılmalıdır.

Bu arada onu da qeyd edək ki, 2014-cü il üzrə Azərbaycanın makroiqtisadi proqnoz göstəricilərində ÜDM-in sahə strukturunda sənayenin ümumi payı 41,8 % planlaşdırılmışdır ki, bunun 36,4 %-i neft və qaz sənayesinin, yalnız 5,4 %-i qeyri-neft sənayesinin üzərinə düşür. Sonuncu rəqəm durmadan artırılmalıdır.

Üçüncüsü isə, ölkədə sənayenin inkişafı üçün gömrük və vergi siyasəti daim təkmilləşdirilməli və onun xüsusən, yüngül və yeyinti sənaye bölmələrinin bilavasitə yerli aqrar sektor ilə qarşılıqlı əlaqəsinin daha sıx möhkəmləndirilməsi istiqamətində stimullaşdırıcı əhəmiyyəti maksimum səviyyəyə çatdırılmalıdır. Bunun üçün isə daxili istehlak bazarı eyni adda məhsulların idxalından və hər cür güzəştli idxaldan tamamilə yaxa qutarmalıdır.

Dördüncüsü də, Azərbaycanın ixrac potensialı daha geniş çeşiddə və çoxlu sayda mallar ixrac etmək tələblərinə cavab verdiyindən, bunun üçün iqtisadiyyatın sənaye başda olmaqla qeyri-neft sektorunda istehsal zamanı məhsulların təkcə kəmiyyətcə deyil, keyfiyyətcə də artması əsas hədəf seçilməlidir. Çünki sənaye məhsulları keyfiyyətcə də yaxşı istehsal olunmazsa eyni adda məhsul kənardan da gətiriləcək. Sənayenin inkişafına dair hazırlanacaq “2015-2020-ci illər üçün Dövlət Proqramı”nda bu cəhət xüsusən, nəzərə alınmalıdır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti