“Koronavirus bütün planlarımızı pozdu” - Aftandil İsrafilov

 “Koronavirus bütün planlarımızı pozdu” -  Aftandil İsrafilov
  06 İyul 2020    Oxunub:9178
"Televiziyalar zəng edib efirlərə çağırırlar, getmirəm. Deyirəm ki, vaxt uzun çəkər, gecikərəm, ayıb olar".

Bunu Azvision.az -a Xalq artisti Aftandil İsrafilov deyib. Tanınmış qarmon ifaçısı bildirib ki, karantin günlərində dövlət tərəfindən verilən bütün qərarları dəqiqliklə yerinə yetirir.
"İndiyə qədər cəmi bir dəfə SMS icazəsi alıb şəhərə çıxmışam. Dostum, qarmon ifaçısı Xanlar rəhmətə getmişdi. İki saatlıq icazə ilə yas yerinə gedib, tez də qayıtdım. Dedim, birdən gecikərəm, polis saxlayar, ayıb olar. Göz önündə olan adamam. Televiziyalardan efirə çağırırlar. Çəkiliş iki saatdan artıq çəkdiyi üçün getmirəm. Virus yaya olan bütün planlarımızı pozdu. Bağımızda ailəlikcə dincəlmək istəyirdik. Ancaq alınmadı, gözləyirik ki, vəziyyət bir az düzəlsin".

Xalq artisti karantin günlərində maddi çətinlik yaşamadığını söyləyib.

"Maliyyə çətinliyim yoxdur. 2002-ci ildən fərdi təqaüd olaraq 1450 manat alıram. Onu qənaətlə xərcləsən iki ailəyə bəs edər. Əsas odur insanlar əsəbiləşməsin. Bütün xəstəliklərin kökündə əsəb, stress durur. Evdə də deyirəm ki, səbrli olun, yaxşı atalar sözlərimizi yada salın".

Bundan əlavə, A. İsrafilov yeni mahnılarından da söz açıb: "Səhər saat 5-dən sonra beynimə musiqilər gəlir. Yorğan- döşəkdə təkrar edirəm ki, yadımdan çıxmasın. Saat 8-9-da qızımı və yoldaşımı yuxudan oyadıb, ağzımla ifa edirəm. "Əkizlər" adlı yeni musiqi yazmışam. Karantindən sonra ifa edəcəyəm. Koronavirusa aid musiqi haqqında düşünmək olar. Özü də virusa müharibə elan edən bir melodiya olmalıdır. Amma mən təklif edirəm ki, bu virusu dilə tutub ölkəmizdən göndərək".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Aftandilİsrafilov   Xalqartisti  





Xəbər lenti