“Evdə qal” mahnısının müəllifi: “Bu qədər cahillik olar?”

 “Evdə qal” mahnısının müəllifi:  “Bu qədər cahillik olar?”
  07 İyul 2020    Oxunub:15197
"Koronavirus maddi baxımdan mənə zərbə vurdu. Çox çətindir. Ancaq vəziyyəti məndən də pis olan insanlar var, onlar üçün dualar edirəm".

Bunu Azvision.az -a tanınmış bəstəkar Nailə Mirməmmədli deyib. Musiqiçi bildirib ki, karantin günlərini yeni mahnılar yazmaq və yarımçıq işlərini tamamlamaqla keçirir:
"İnsanları karantində evdə qalmağa çağıran "Evdə qal" adlı mahnı yazmışam. Sözləri Şifanə Nəciqızına məxsusdur. Xanəndə Eldəniz Məmmədov, daha sonra Zemfira İbrahimova oxuyub. Hamını həmrəyliyə çağıran bir mahnıdır.

Daha sonra pedaqoji işlərlə məşğul oluram. Mühazirə və proqramları yazıb bitirmişəm. BDU-da Mədəniyyət və Yaradıclıq Mərkəzinin direktoruyam. BDU-nun "Facebook" səhifəsində musiqi nömrələri çəkib paylaşmışıq. Yeni mahnılarım da var. Ancaq karantinlə əlaqədar müğənnilər səsyazma studiyalarına gedə bilmirlər. "Allahın dərgahında" adlı yeni mahnı hazırlamışam. Sözləri Nailə Məmmədovaya məxsusdur. Mətanət İsgəndərli ilə xanəndə Pərviz Qasımov ifa edəcək. Klip də nəzərdə tutmuşuq. Mahnı Allaha dualarla bağlıdır. İndi dualara ehtiyacımız var. Allah günahsız insanları cəzalandırmasın, pandemiyadan az itki ilə çıxaq. Heç kimin ailəsində ölümlər olmasın. Mətanət xanım karantinə görə rayondan gələ bilmir. Bu səbəbədn işim yarımçıq qalıb. Bundan əlavə, uşaqlar üçün də mahnılar yazmışam".

Bəstəkarın sözlərinə görə, pandemiya ilə əlaqədar gündəlik rejimi dəyişib.

"Gecə saat 4-ün yarısına kimi qızımla birgə dualar edirəm, sonra namaz qılıram və səhər 6-da yuxuya gedirəm. Rejimim tamam dəyişib. Tək mənim deyil, hamının planında dəyişiklik oldu.

Pedaqoji Universitetdə dövlət imtahanlarını onlayn şəklində keçirdik. Ürəyimcə olmadı. BDU-da müsabiqə keçirməliydim, seçim etməliydim, karantinə görə qaldı. İşdən soyuduq. Nə qədər musiqiçi rayonda qaldı, Bakıya gələ bilmədi, işlər dayandı.

Mənə maliyyə baxımından da zərbə oldu. Mahnı ilə dolanan adamlarıq. Şükürlər olsun ki, pedaqoq maaşı ilə yaşayıram. Hər kəsə çətindir. İndiki durumda virusdan qurtulmağın yolu təması azaltmaqdır. Gələcəyimizin xatirinə bunu etməliyik ki, nəsillər qırılmasın. Hərdən sosial şəbəkələrə baxıram, biganə yanaşanlara deyirəm, ay Allah, bu qədər cahillik olar? Çətindir, günəmuzd işləyən adamlar var. Başa düşürəm. Amma bəzən insanlar özləri də laqeyd yanaşırlar.

Mən heç vaxt icazəsiz evdən çölə çıxmıram. Nəvəmi gəzdirmək istəyəndə iki saatlıq icazə alıb, heç kim olmayan yerə gedirəm. Vaxtım bitəndə evə qayıdıram. Uşağı elə öyrətmişəm ki, maskasız çölə çıxmaz, evə gələn kimi əllərini yuyar", - deyə Nailə Mirməmmədli vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: NailəMirməmmədli   bəstəkar  





Xəbər lenti