Pirşağının bütün küçələri təmir ediləcək
Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 7 mindən artıq əhalisi olan rayonun Pirşağı qəsəbəsi üzrə asfalt-beton örtüklə döşənməsinə ehtiyacı olan bütün küçə və yolların təmir edilməsi işlərinə start verilib. Ümumilikdə bu işlərin sözügedən qəsəbənin 92.7 km uzunluğa malik 93 adda küçə və yolunda aparılması nəzərdə tutulur. Təmir işləri aparılacaq sahə torpaq əsaslı olmaqla 600 min kv.m-dən çoxdur.
Aparılan təmir işləri zamanı artıq qəsəbə üzrə 4 ünvanda təmir işləri aparılaraq yekunlaşdırılıb. Bu Bakıxanov və İ.Şıxlı küçələri, həmçinin Əli Ağazadə 1-ci və 2-ci döngələrdir. Təmir olunan küçələrin ümumi uzunluğu 5.9 km, sahəsi 33 min kv.m-dir. Hazırda isə Pirşağı qəsəbəsinin 2.5 km uzunluğa malik Elbəy Rzaquliyev küçəsi təmir edilir.
Təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir. Ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür.
Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilir.
Azvision.az
Teqlər: AAYDA