“Hər şey darıxdırıcı gəlir, amma dözməliyik” - Hicran Nəsirova

 “Hər şey darıxdırıcı gəlir, amma dözməliyik” -  Hicran Nəsirova
  09 İyul 2020    Oxunub:12020
"Uzun müddət xəstə yatdım. Koronavirusa yoluxduğumu zənn edib test etdirdim"
Bunu Azvision.az -a Əməkdar artist Hicran Nəsirova deyib. Aktrisa bildirib ki, koronavirus testinin cavabı neqativ olub.

"Mənim xroniki xəstəliklərim var. Hətta bir dəfə yoxlanmışam. Bərk xəstələnmişdim. Düşündüm ki, virusa yoluxmuşam. Test verdim, cavabı neqativ çıxdı. Bundan sonra rahat oldum. Çox çətindir, amma dözməliyik ki, xəstəlik tez qurtarsın.

Hər şey darıxdırıcı gəlir, martdan bu yana işlər dayanıb, serial çəkilişləri yarımçıq qalıb. Yaradıcı adam üçün evdə oturmaq çox çətindir. İnsan nə qədər evdə qalar. Yuxudan durub deyirsən, nə edim, hara gedim?

Ev işləri ilə məşğulam. Başımı bunlarla qatıram. Çox vaxt mətbəxdə oluram. Şəkərim var, pəhriz yeməkləri yeyirəm ki, sonra problem yaşamayım. Meyvə-tərəvəzə üstünlük verirəm. İmmuniteti qaldırmaq lazımdır. Ancaq yaş və isti hava öz sözünü deyir. Bir az işləyən kimi yoruluram. Arada çölə çıxıram, gəzirəm. Çalışıram əsəblərimi sakit saxlayım. İstər-istəməz təsir edir. Maddi baxımdan problem yoxdur. Maaşımızı alırıq. Amma çəkilişlərdən gələn vəsaitlər dayanıb. Mənəvi məsələlər məni üzür. Aktyorlar Rafael Dadaşovun, Tofiq Hüseynovun yasına gedə bilmədim. Qorxdum ki, virusa yoluxaram. Bunlar adamı çox sıxır".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: HicranNəsirova   aktrisa  





Xəbər lenti