DİM təxirə salınan müsahibələrlə bağlı qərar verdi
Namizədlər onlayn müsahibələrə xüsusi proqram təminatı vasitəsilə Mərkəzin Bakı şəhərində və regionlarda yerləşən müvafiq inzibati binalarından qoşulacaqlar. Namizədlər üçün onlayn müsahibələrin keçirilmə qrafiki hazırlanmış və Mərkəzin internet portalında yerləşdirilmişdir.
Müsahibələrin 13 iyul 2020-ci il tarixindən başlanılması nəzərdə tutulur. Müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan (17.09.2019, 13.01.2020) əldə edə bilərlər.
Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarına uyğun olaraq, xüsusi icazəsi olmayan namizədlər müsahibələrdə iştirak etmək üçün (dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə bağlı olaraq) 2 rəqəmini qeyd edib 8103 nömrəsinə SMS - məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər. Müsahibədə iştirakla bağlı yaşayış yerini və olduğu yeri tərk edən namizədlərə Mərkəz tərəfindən qayıtma müddətini müəyyən edən müvafiq arayış təqdim ediləcəkdir.
Namizədlər müsahibəyə gələrkən şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməli, müsahibə binasına tibbi maska ilə gəlməli, əllərini girişdə yerləşdirilmiş tibbi spirt və ya dezinfeksiyaedici vasitə ilə təmizləməli, buraxılış rejimi zamanı digər namizədlərlə 2 metrlik məsafə saxlamalıdırlar.
Məsafədən ölçə bilən termometrlə namizədlərin bədən hərarəti yoxlanıldıqdan sonra onlar müsahibəyə buraxılırlar. Namizədlərin temperaturu 37°C və daha yüksək olduqda, həmçinin normal bədən temperaturunda tənəffüs yollarının kəskin infeksiyası simptomlarının mövcudluğu halında onlar müsahibəyə gəlməməlidirlər. Müsahibədə üzrlü səbəblərdən iştirak edə bilməyən namizədlərlə yeni müsahibələr müvafiq təsdiqedici sənəd təqdim edildikdən sonra keçirilə bilər.
Nazirlər Kabinetinin müvafiq qərarlarına və ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, dövlət qulluğuna qəbul üzrə müsahibələrin keçirilmə qrafikində dəyişikliklər edilə bilər. Müsahibələrin keçirilmə qrafikində dəyişikliklər olduğu halda, bu barədə Mərkəzin internet portalında məlumat yerləşdiriləcəkdir. Namizədlərə Mərkəzin internet portalını mütəmadi izləmələri tövsiyə olunur.
Azvision.az
Teqlər: DİM