“Oğlum hələ də mənə öyrəşə bilmir” - Rafael Ağayevin karantin günləri

 “Oğlum hələ də mənə öyrəşə bilmir” -  Rafael Ağayevin karantin günləri
  09 İyul 2020    Oxunub:13652
"Hər gün yaşadığım binanın pilləkənlərində qaçıram ki, bədənim passivləşməsin".

Bunu Azvision.az -a Azərbaycan karatesinin Briliant oğlanı, 5 qat dünya, 11 qat Avropa çempionu Rafael Ağayev deyib. Karantin günlərindən danışan idmançı gün ərzində 40 dəqiqə məşq etdiyini bildirib.
"Bağ evim var, amma içi boşdur. Buna görə hələ də bina evində qalıram. Məcbur olub məşqlərimi maşın qarajında edirəm. Pilləkənlərlə qaçıram ki, bədənim ölməsin. Çox məşq etmirəm, çünki zədələrim var. Zədələr düzəlməlidir. Yüz faizlik məşqdən söhbət gedə bilməz. Bilirsiniz ki, bizim yarışlar gələn ildən başlayacaq. İndidən formada olmaq yaxşı hal deyil. Bədən yanacaq. Haradasa 8 kiloqram kökəlmişəm. Onu da bədən dincəlsin deyə edirəm. Tez bir zamanda aldığım çəkini geri verə bilərəm".

Çempion vaxtını evdə övladı ilə keçirdiyini söyləyib: "Vaxtımı evdə uşaqla keçirirəm. Düzdür, uşaq mənə o qədər də öyrəşə bilmir, çox vaxt yarışlarda olmuşam və məni az görüb. Amma bacardığım qədər evdə oluram. Futbol oyunlarını və filmləri izləyirəm. Dostlarımla əlaqə saxlayıram. İcazə alıb görüşürük, parkda gəzirik. Belə günlərdə dostları yaddan çıxarmaq olmaz".



R. Ağayevin sözlərinə görə, pandemiya digər idmançılar kimi ona da maddi baxımdan zərər vurub.

"İl ərzində dünyanın müxtəlif ölkələrində 8-10 seminarım olurdu. Çexiyada yaşayan köməkçim seminarlar təşkil edirdi, mən də gedib orada iştirak edirdim. Hər seminara görə qonorar alırdım. Bu baxımdan zərər gördüm. Amma nə etmək olar? İnsan var ki, ailəsinə 5 manat pul qazanıb apara bilmir. Bu cəhətdən Allaha şükür olsun.

Heç ağlıma da gəlməzdi ki, virus bu qədər qalacaq. Elə bilirdik ki, Avropa və Dünya çempionatı olacaq. İdman yarışlarının, iş yerlərinin dayanması qəbul edilməz idi. Ancaq zamanla hər şeyə alışdıq. Çempionatlar təxirə salındı. Gözəl forma yığmışdım, lisenziya almışdım.

Karantin günlərinin mənə bir faydası oldu ki, bədənim dincələ bildi. Zədələrim çox idi, yüzlərlə döyüş keçirmişdim, yorğun idim. Bu cəhətdən viruslu günlərdən faydalana bildim. Amma tək özümü fikirləşə bilmərəm axı. Yüzlərlə insan var ki, işi dayanıb, istirahətə gedə bilmir, xəstələnib. Belə hallar çox üzücüdür".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: RafaelAğayev   karate  





Xəbər lenti