Dövlət 1,5 milyard manat kredit portfelinə subsidiya və zəmanət verəcək

 Dövlət 1,5 milyard manat kredit portfelinə subsidiya və zəmanət verəcək
  10 İyul 2020    Oxunub:5226
İndi bank sektorunun qarşısında əsas çağırışlardan biri öz vəsaitlərini daha çox yerləşdirməkdir, başqa sözlə, kredit portfelini böyütməkdir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bankların müştərilərə verdikləri kreditlər pandemiya başlayandan - bu ilin fevralından aybaay azalır: “Bu ilin mart-may aylarında kredit portfeli 6,1 faiz azalaraq 14,4 milyard manata enmişdir. Burada bankların lisenziyasının alınması da təsir göstərmişdir. Hansı ki, bankların nağd vəsaitləri, Mərkəzi Bankda və başqa banklarda müxbir hesablardakı vəsaitləri, həmçinin qiymətli kağızlarının həcmi böyüyür. Pandemiyanın yaratdığı risklər və karantin rejimi bankların risk antipatiyasını artırır. Bu mənada dövlətin müdaxiləsinə ehtiyac yaranıb”.

V.Qasımlı bildirib ki, manatın sabitliyi, inflyasiyanın təkrəqəmli həddə nəzarətdə olması, əmanətlərin tam sığortalanması, problemli kreditlərin həlli və bəzi bankların sektordan uzaqlaşdırılması bu sahənin sağlamlığını qorumaq üçün baza tədbirləridir: “Sadalananlarla kifayətlənməyən dövlət bankların kredit portfelinin genişlənməsini dəstəkləyir.”

Onun sözlərinə görə, pandemiyadan zərər çəkən sahibkarlara bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması problemli kreditlərin yaranmasının qarşısını alacaq: “Belə ki, sahibkarlar tərəfindən alınacaq yeni 500 milyon manatlıq kreditin 60 faizi - 300 milyon manatlıq hissəsi dövlət zəmanəti ilə təmin ediləcək. Yeni veriləcək kreditlərə görə zəmanət - Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına olacaq. Subsidiya yeni kreditlərə illik faiz dərəcəsinin 50 faizi həddində veriləcək.”

“Eyni zamanda 2020-ci il 10 mart tarixinə zərər çəkmiş sahələrdə sahibkarların kreditlərinə 10 faiz subsidiya təqdim olunacaq. Faiz dərəcəsi 10-dan aşağı olarsa, subsidiya kreditin faiz dərəcəsi həcmində verilir. Azərbaycanda orta kredit faizi və inflyasiyanı nəzərə alanda, bu yolla sahibkarlar üçün maliyyə vəsaitinin ucuzlaşması təmin olunur” – deyə o, davam edib.

V.Qasımlının sözlərinə görə, mövcud 1 milyard manatlıq kredit portfeli üzrə faiz sybsidiyaları, habelə yeni kreditlərə 500 milyon manatlıq portfel üzrə dövlət zəmanətinin verilməsi və faizlərin subsilayalaşdırılması, bütövlükdə 1,5 milyard manat kredit portfelinə dəstəkdir: “Bu isə ölkə üzrə hazırkı kredit portfelinin 10 fazindən daha çoxdur. Bundan başqa pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Mərkəzi Bankın maliyyə bazarlarına dəstək istiqamətində qəbul etdiyi proqram üzrə – requlyativ tətil, istehlakçı hüquqlarının qorunması, rəqəmsallaşmaya keçidin sürətləndirilməsi, maliyyə inklüzivliyinin artırılması, onlayn xidmət kanallarının təşviqi, maliyyə intizamının qorunması, maliyyə dayanıqlılığına dəstək istiqamətində icrası nəzərdə tutulan tədbirlər əks olunub. Maliyyə bazarları üzrə icrası nəzərdə tutulan tədbirlər-bank sektoru, sığorta bazarları və kapital bazarlarını əhatə edir.”

V.Qasımlı qeyd edib ki, Sahibkarlığın İnkişafı Fondu, İnnovasiyalar Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Gənclər Fondu, Aqrolizinq, İpoteka və Kredit Zəmanət Fondu, “Maarifçi" Tələbə Kredit Fondu, Azərbaycan İnvestisiya Şirkəti və investisya təşviqi sənədi kimi mexanizmlərlə dövlət ucuz maliyyə vəsaitlərinə və aktivlərə çıxışı asanlaşdırır: “Bununla yanaşı, kreditlərin bazar faizi və iqtisadiyyatın məhsuldarlıq səviyyəsi arasında lazımi nisbətin qurulması üçün kompleks fəaliyyətlər davam etdirilir. Ən əsası odur ki, bank kreditləri iqtisadi artımı dəstəkləsin”.

Azvision.az


Teqlər: Vüsal-Qasımlı   Dövlət   Subsidiya  





Xəbər lenti